Məlumat saxlama və emalı sistemi

Şəhərlərarası, beynəlxalq və lokal danışıqların qeydiyyatı, MHM-ə ötürülməsi və emal prosesi barədə məlumat
 


Məlumat Hesablama Mərkəzi aşağıda qeyd olunan operatorlar üzrə beynəlxalq və lokal çıxış-giriş danışıqlarını qeydiyyata alır və bu qeydiyyat (CDR) faylları şəbəkə vasitəsilə birbaşa FTP serverinə ötürülür:

  • Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) üzrə çıxış, giriş və sifarişli danışıqlar;
  • Lənkəran, Şəki, Quba, Gəncə, Şirvan, Naxçıvan üzrə beynəlxalq çıxış danışıqları;
  • Aztelekom MMC, Bakı Telefon Rabitəsi MMC-nin simsiz telefon rabitəsi (CDMA) üzrə danışıqlar;
  • Bakinternet üzrə trafik;
  • Şamaxı və Abşeron NGN ATS-lər üzrə danışıqlar;
  • EvroTeleKom MMC üzrə danışıqlar;
  • TransEvroKom MMC üzrə danışıqlar;

Bu məlumatlar operativ şəkildə emal edilərək abunəçilər tərəfindən ödənişlərin aparılması üçün dərhal regional şəbəkəyə qoşulmuş kompüterlərə ötürülür və abunəçilər həmin danışıqları internet, paypoint ödəmə köşkləri, bankomatlar vasitəsilə, həm də bütün abunə və poçt şöbələrində ödəyə bilirlər.

Göründüyü kimi MHM-ə gün ərzində daxil olan informasiyaların həcmi həddən çox böyük, formatları isə müxtəlifdir və müxtəlif tip ATS-lərdən daxil olan informasiyalar müxtəlif proqramlar vasitəsilə emal olunur. İnformasiyanın ilkin emalı, hesab və qəbzlərin çap edilməsi, aylıq dövriyyənin formalaşması, Aztelekom MMC ilə birgə müəssisələr, habelə AzİnTelecom MMC ilə beynəlxalq operatorlar arasında hesablaşmaların aparılması üçün müvafiq maliyyə sənədlərin tərtib olunması və s. proseslər gündəlik, 15 günlük və aylıq proqram paketləri vasitəsilə həyata keçirilir. Görülən işlərin asanlaşdırılması və operativliyin artırılması məqsədilə MHM-də gedən əsas proseslərin texnoloji xəritəsi tərtib olunmuşdur.

Bu sxem-xəritədə qeydiyyat məlumatlarının gündəlik MHM-ə daxil olmasından başlayaraq danışıqların ilkin emalı, ödənişlər, qəbzlərin çapının hansı Telefon Kommunikasiya İdarə və Qovşaqlarında (TKİ/Q) aparıldığını, dövriyyələrin formalaşması, statistik trafik arayışlarının alınması, teleqram və maniqramların qəbulu və dövriyyəsi və arxivləşməyədək bütün proseslər elektron sxem şəklində ardıcıl və aydın şəkildə göstərilir. Burada hər bir pillədə hansı proqram kompleksinin icra olunduğu, hər bir proqram kompleksinin (gündəlik, 15 günlük, aylıq və s.) hansı funksiyaları yerinə yetirdiyi və hər bir mərhələdə hansı əsas faylların və rejimlərin yaranması konkret şəkildə qeyd olunmuşdur.

Hal-hazırda aidiyyatı şöbələr tərəfindən bu texnoloji xəritədən elektron şəkildə geniş istifadə olunur. Artıq heç bir kağız sənədindən istifadə edilmədən kompüterlərin ekranında həmin xəritəyə baxmaqla aidiyyatı texniki işçilər hansı mərhələdə hansı prosesin icra olunacağı barədə məlumatı asanlıqla əldə edə bilirlər. Bu isə vaxt itkisinin qarşısını alır, görülən işlərin keyfiyyətinə müsbət təsir edir və son nəticədə MHM-də görülən işlərin səmərəliliyini artırır.