Çempion olduq !

10.04.19

Azərbaycanlı mütəxəssislərin hazırladığı layihə beynəlxalq müsabiqədə "Çempion” oldu

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan və "Made in Azerbaijan” brendi altında təqdim olunan "Danışan kitabxana” layihəsi beynəlxalq müsabiqədə" Çempion layihə” mükafatına layiq görülüb.

Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilən "İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2019 Mükafatları” (WSIS Prizes -2019) bu gün İsveçrə Konfederasiyasının Cenevrə şəhərində öz sahiblərinə təqdim olunub.

Belə ki, "İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2019” çərçivəsində keçirilən mükafatlandırma mərasimində "Çempion layihə” mükafatına müsabiqənin "Əlverişli mühit" nominasiyası üzrə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin təqdim etdiyi "Danışan Kitabxana” layihəsi layiq görülüb.

"Danışan Kitabxana”nın əsas məqsədi insanlara müasir, klassik və bədii ədəbiyyat nümunələrini dinləmək imkanı yaratmaqdır. İstifadəçilər günün istənilən vaxtı, "15 41” nömrəsinə zəng etməklə müxtəlif janrlara aid əsərləri seçib dinləyə bilirlər. Hazırda audio kitabxanada mövcud olan kitabların sayı 300-dən çoxdur. Bu günə qədər bu xidmətdən yararlanmaq üçün 45.000-dən çox müraciət qeydə alınıb.

"Danışan kitabxana”nın sosial əhəmiyyəti onun daha çox görmə qabiliyyəti məhdud olan insanlar üçün nəzərdə tutulmasıdır.

Məlumat üçün bildirək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının sözügedən beynəlxalq müsabiqəsinə ölkəmiz adından bir sıra layihələr təqdim edilib. Təqdim edilən layihələrdən 9-u məhz Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. Bu layihələrdən 5-i müsabiqənin Təşkilat Komitəsi tərəfindən seçilərək səsvermə mərhələsində iştirak hüququ qazanmışdı.

Ümumilikdə bu il müsabiqəyə Azərbaycanla yanaşı müxtəlif ölkələrdən 1140 elektron layihə təqdim olunub. Ekspertlər qrupu tərəfindən nəzərdən keçirilən bu layihlərdən 1062-si uğurlu hesab edilərək müsabiqədə iştiraka buraxılıb. 18 nominasiya üzrə onlayn səsvermə əsasında keçirilən müsabiqə nəticəsində 72 "Çempion layihə” və 18 winner layihə seçilib.