"Made in Azerbaijan" brendi altında layihələrimiz İnformasiya Cəmiyyəti üzrə beynəlxalq müsabiqəyə təqdim edilib

25.01.19

Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan bir neçə layihə təşkilat komitəsi tərəfindən seçilərək səsverməyə təqdim olunub.

Son dövrlər ölkənin kompleks sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə həyata keçirilən tədbirlər qeyri-neft sektorunun inkişafına da zəmin yaradıb. Atrıq dünya bazarına "Made in Azerbaijan” adı altında bir çox məhsullar ixrac edilir və beynəlxalq sərgilərdə təqdimatları aparılır. Sözsüz ki, bu inkişaf texnologiya sahəsindən də yan keçməyib. Bu istiqamətdə dövlət siyasətini həyata keçirən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bir çox addımlar atıb. Nazirliyin qurumları tərəfindən hazırlanan bir çox layihələr beynəlxalq sərgilərdə tədqim olunur və müsabiqələrdə iştirak edir.

İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində dünyanın ən məşhur mükafatı İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində təqdim olunan mükafatdır.

2004-cü ildən bu günə BMT-nın İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Xüsusi Agentliyi bu Sammit vasitəsilə hər kəsə açıq olan, informasiya-kommunikasiya texnologiyaları üzrə təşəbbüsləri və Cenevrə Fəaliyyət Planında əks olunan 11 istiqamət üzrə layihələr barədə məlumatları təmin edən bazanın işini təşkil edir.

Bu işin təşkilinin əsas məqsədi Sammitin nəticələrinin gerçəkləşdirilməsi üzərində işləyən maraqlı tərəflərin fəaliyyətlərini gücləndirmək və qalib gələn müvəffəqiyyətli modellərin tirajlanması yolu ilə bilik mübadiləsinin təşkilidir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən layihələr, Nazirliyin tabeli qurumlarının mütəxəssisləri tərəfindən hazırlanan proqram və tətbiqlər müxtəlif nominasiyalar üzrə sözügedən müsabiqədə iştirak hüququ qazanıb.

Yerli mütəxəssislərimiz tərəfindən hazırlanan bir neçə layihə Təşkilat Komitəsi tərəfindən seçilərək artıq, səsverməyə təqdim olunub.

10 fevraladək davam edəcək onlayn səsvermə nəticəsində 18 nominasiya üzrə qaliblər, eyni zamanda, 72 çempionluq layihəsi müəyyən olunacaq.

Qaliblər 8-12 aprel 2019-cu il tarixində İsveçrənin Cenevrə şəhərində keçiriləcək "İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2019” forumunda elan olunacaq.

Məlumat üçün bildirək ki, İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2004-cü ildən BMT-nın İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə xüsusi ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən keçirilir.

"Made in Azerbaijan” brendi altında layihələrimizi qalib etmək üçün onlayn səsvermədə yüksək nəticə toplamaq lazımdır.

Qeyd edək ki, "Apelyasiya Şuralarına Şikayət Sistemi” (1-ci kateqoriya - "Appeal Board Complaint System”), "İdeyadan Biznesə” (1-ci kateqoriya - "I2B – Idea to Business”), "Açıq Məlumatlar” (3-cü kateqoriya - "Open Data”), "Danışan kitabxana” (6-cı kateqoriya - "Speaking Library”), "Mobil imza” (7-ci kateqoriya - "Mobile Signature”), "ARİS” (7-ci kateqoriya - ARİS) və "Mərkəzləşdirilmiş Hesablama Sistemi” (8-ci kateqoriya - "Centralized Accounting System”) layihələri nominant qismində müsabiqədə dünyanın müxtəlif ölkələrindən təqdim olunan layihələrlə yarışır.

Müsabiqəyə 1-ci ("I2B - İdeyadan Biznesə” və Apelyasiya Şuralarına Şikayət Sistemi) və 7-ci kateqoriya (Mobil İmza və ARİS) üzrə iki layihəmiz səsverməyə təqdim olunub. Lakin qaydalara görə hər kateqoriya üzrə yalnız 1 layihəyə səs verilə bilər.

Bundan başqa, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının rezidenti olan "iQrex” (kateqoriya 8 - "iQrex”) və "Sağlam Yaşam Platforması” (kateqoriya 10 - "Healty Living Support Platform”) layihələri də onlayn səsəvermədə iştirak edir.

Onlayn səsvermədə fəal iştirak etməklə ölkəmizi təmsil edən bu layihələri qalib edə bilərik.

Daha möhtəşəm uğurlar üçün ölkəmizə səs verək.

Səsvermədə iştirak etmək üçün linki www.itu.int/net4/wsis/stocktaking/prizes/2019/ təqdim edirik.