Məlumat Hesablama Mərkəzinin əməkdaşları mükafatlandırıldı

6.12.18

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibəti ilə 6 dekabr 2018-ci il tarixində Məlumat Hesablama Mərkəzində tədbir keçirilib. MHM-in direktoru Elnar Əsədov çıxış edərək əməkdaşları təbrik edib. Builki nailiyyətlərdə hər bir əməkdaşın rolu olduğunu xüsusi vurğulayan E.Əsədov gələn ilin daha səmərəli olacağına inandığını qeyd edib.

Daha sonra nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə MHM-in səmərəli fəaliyyətinə görə fərqlənən əməkdaşları mükafatlandırılıb. Onlardan Proqramlaşdırma şöbəsinin müdiri Fatma Musayeva və Normativ sorğu və informasiya şöbəsinin mühəndisi Tatyana Hüseynova "Rabitə ustası” adına layiq görülüb. Həmçinin, Məlumat Hesablama Mərkəzinin İnformasiyanın emalı və istismarı şöbəsinin texniki Qədirova Fatimə və həmin şöbənin mühəndisi Matveyeva Marina Fəxri Fərmanla təltif edilib.

Direktor Elnar Əsədov təltif olunan əməkdaşları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Məlumat üçün bildirək ki, hər il dekabrın 6-da Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı qeyd olunur. Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci ildə Bakıda "Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilib. Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub və artıq 13 ildir ki, rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.