Belarus Respublikasının Rabitə və İnformasiya Nazirliyi ilə Memorandum imzalandı

5.12.18

5 dekabr 2018-ci il tarixində keçirilmiş 4-cü Azərbaycan-Belarus İKT Biznes Forumu çərçivəsində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə Belarus Respublikasının Rabitə və İnformasiya Nazirliyinin Tətbiqi Proqram Sistemləri İnstitutu (TPSİ) arasında əməkdaşlıq memorandumu imzalandı.


Memorandumun əsas məqsədi Avropa İttifaqının "EU4Digital” proqramı çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinin rəqəmsal bazarların uyğunlaşdırılması ilə bağlı birgə layihələrin işlənməsi və həmin layihələrin təşviqi üzrə əməkdaşlıq etməkdir. Bu əməkdaşlıq çərçivəsində aşağıdakı istiqamətlər üzrə işlər görüləcək:

Regionlararası proqram çərçivəsində layihələrin planlaşdırılması və "EU4Digital” proqramında olan layihələrin (e-ticarət, e-logistika və s.) həyata keçirilməsi;
Belarus Respublikası və Azərbaycan Respublikasında rəqəmsal sistemlərin və xidmətlərin təşviqinə həsr olunmuş, etibarlı xidmətlər, elektron ticarət, logistika və rəqəmsal nəqliyyat dəhlizləri üzrə yerli layihələrin fəallığının və marketinq məsələlərinin birgə təşkili;
Birgə təkliflərin hazırlanması və çox istiqamətli layihə konsorsiumunun formalaşdırılması daxil olmaqla, EU4Digital proqramında olan layihələrin Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilməsinə dair işlərin koordinasiyası və səylərin birləşdirilməsi.

Həmçinin, bir il müddətində qüvvədə olacaq Memoranduma əsasən, tərəflər

etibarlı xidmətlər, e-ticarət, e-logistika və s. sahələrdə bilik və təcrübə mübadiləsinin aparılması;
birgə tədbirlər və layihələr çərçivəsində müvafiq sahələrdə mövcud normativ sənədlər və texniki standartlar barədə məlumat mübadiləsi;
"EU4Digital” seminarlarında sahələr üzrə mütəxəssislərin iştirakının təmini və s. məsələlər üzrə razılıq əldə edib.

Məlumat üçün bildiririk ki, "Tətbiqi Proqram Sistemləri İnstitutu" Belarus Respublikasının Rabitə və İnformasiya Nazirliyinin İKT layihələrinin hazırlanması və həyata keçirilməsi üzrə fəaliyyət göstərən qurumudur. Müəssisə 15 ildir ki, informasiya və rəqəmsal texnologiyalar bazarında önəmli rol oynayır, Belarus Respublikasında və Rusiya Federasiyadakı 300-dən çox dövlət qurumları və digər təşkilatların layihələrini həyata keçirir.

TPSİ korporativ və regional informasiya sistemlərinin inkişafı və yaradılması, eləcə də sənaye sektorlarının rəqəmsallaşdırılmasına xidmət göstərir. 2017-ci ildən etibarən TPSİ Şərq Tərəfdaşlığı ölkələrinin elektron ticarət və elektron loqistika üzrə ekspert şəbəkəsinin koordinatorudur.