"İdeyadan Biznesə" startap turlarının respublika üzrə qalibləri seçildi

26.10.18

Bu ilin aprel ayından etibarən icrasına başlanılan "İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilən startap turlarının finalı olub.

"İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində keçirilən final mərasimində dövlət rəsmiləri, nazirlər, ali təhsil müəssisələrinin rəhbərləri, startapçılar və tələbələr iştirak edib.

Qonaqlar ilk öncə Heydər Əliyev Mərkəzinin foyesində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılan innovativ məhsul və xidmətlərin nümayiş olunduğu "İnnoEkspo” sərgisinə ekskursiya edib, "Azərmarka” MMC-yə məxsus stenddə sərgilənən marka və suvenirlərlə tanış olublar.

Daha sonra startap turunun final mərhələsi başlayıb. İlk öncə, 8 regionu əhatə edən startap marafonuna dair videorolik nümayiş olunub.

Təbdir iştirakçılarını salamlayan aparıcı Murad Dadaşov çıxış üçün Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə söz verib.

Layihənin reallaşdırılmasına dəstək olan Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinə, Azərbaycan Gənclər Fonduna, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına, "Microsoft” və "Azercell” şirkətlərinə, eyni zamanda, ali təhsil müəssisələrinin rəhbərlərinə yaratdıqları şərait üçün təşəkkürünü bildirən nazir qeyd edib ki, 7 ay ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarında keçirilən startap turuna 2 mindən çox iştirakçı qatılıb. O bildirib ki, ümumilikdə seçilən 75 komandadan 15-i respublika finalında iştirak hüququ qazanıb.

"Ölkəmizin 16 ali, 3 ümumtəhsil müəssisəsində "İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları keçirilib. Biz çox şadıq ki, gənclərimiz, tələbələrimiz innovativ inkişafa böyük maraq göstərirlər. Çünki müasir dövrdə innovativ düşüncəli gənclərə böyük ehtiyac var. Məhz bu səbəbdən ölkəmizdə gənclərin intellektual səviyyəsinin artırılması, onların elmə, təhsilə, innovativ düşüncəyə, texnologiyalara və rəqabətədavamlı biliklərə yiyələnməsinə xüsusi önəm verilir.

Bugünkü tədbir onu göstərir ki, gənclərimiz informasiya texnologiyalarından, internetdən yalnız əyləncə, bilik almaq üçün yox, həmçinin biznes ideyalarının reallaşdırılması üçün də istifadə edirlər. Bildiyiniz kimi, nazirliyin fəaliyyət istiqamətlərindən biri də innovativ inkişafa dəstək verməkdir. Nazirlik İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı vasitəsilə startaplara biznes ideyalarının reallaşdırılmasına dəstək verir. Startap hərəkatını genişləndirmək, gənclər arasında innovativ düşünmə tərzini inkişaf etdirmək, gəncləri aktiv şəkildə bu prosesə cəlb etmək üçün müxtəlif layihələr, təlimlər, müsabiqələr keçiririk” - deyə vurğulayıb.

Nazir layihə çərçivəsində nazirliyin koordinatorluğunda informasiya və kommunikasiya texnologiyaları sahəsində "İnvestorlar klubu” yaradıldığını da xatırladıb. O bildirib ki, "İnvestorlar klubu” informasiya və kommunikasiya texnologiyaları sahəsində investisiya mühitinin yaxşılaşdırılması və özəl sərmayələrin düzgün istiqamətləndirilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi tədqiqat işlərinin, eləcə də, innovasiyaların tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.

"Bu klub, həmçinin startapçıların ideyalarının reallaşdırılmasına dəstək ola bilər. Biz startap hərəkatının daha da genişləndirilməsi, ölkəmizdə innovasiya ekosisteminin formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik” - deyə R.Quluzadə əlavə edib.

Daha sonra nazir finalda yarışacaq komandalara uğurlar arzulayıb.

Tədbirin davamında 15 finalçı müəyyən olunmuş ardıcıllıq üzrə layihələrini 3 dəqiqə ərzində münsiflər heyəti qarşısında təqdim etdikdən sonra onlara ünvanlanmış sualları cavablandırıblar.

Təqdimatlardan sonra bütün komandalar startap turunda fəal iştiraklarına görə sertifikatlarla təltif edilib.

Münsiflər heyətinin qərarı ilə startap turunun respublika üzrə qalibləri "Gonex”, (I yer) " Smart Reaktor” (II yer) və "Noahland” (III yer) komandaları olub.

"Gonex” – Bakı Mühəndislik Universitetinin tələbələrinin layihəsidir.

İnformasiya Texnologiyaları üzrə onlayn və real layihələr üzərində çalışaraq təcrübə əldə edə bilmək üçün unikal platformadır.

Sumqayıt şəhərini təmsil edən "Smart Reaktor” layihəsi isə tullantılardan alternativ enerji əldə edilməsinə yönəlib.

Naxçıvanı təmsil edən "NoahLand” layihəsi ekstremal idman növlərinin və düşərgələrin bir portalda cəmləşdirilməsinə xidmət edir.

I yerin qalibi 10 min manat, II yerin qalibi 5 min, III yerin qalibi isə 2 min 500 manat məbləğində mükafatlandırılıb.

"Azercell”, "Microsoft Azərbaycan” şirkətləri və "Kapital Bank” startapçılar arasından ən çox bəyəndikləri layihələrə hədiyyələr təqdim ediblər.

Belə ki, "Azercell” şirkəti "Mayak”, "Microsoft” şirkəti "Xilaskar Qolbaq”, "Kapitalbank” "Şəki tur” və "Guide to” layihəsini seçərək mükafatlandırıb.

Milli finalda qalib gələcək layihə sahibləri 4-7 dekabr tarixlərində təşkil ediləcək 24-cü "Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı da əldə ediblər.

"İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turlarının növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulub.