Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni nəsil şəxsiyyət vəsiqələrini elektron imza sertifikatları ilə təmin edir

31.08.18

Sentyabrın 1-dən Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanır.

Təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha təkmil olan yeni nəsil şəxsiyyət vəsiqələrində vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı - çip yerləşdirilib.

Yeni vəsiqələr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən "Elektron imza” sertifikatları ilə təmin edilib.

Bu sertifikatların biri identifikasiya (tanınma) üçün nəzərdə tutulub. Yəni, yeni vəsiqələr internet mühitində də vətəndaşın kimliyini müəyyən edəcək.

İkinci sertifikat isə vətəndaşa istənilən yerdən sənəd mübadiləsi aparmaq üçün elektron imzalama üstünlüyü verir.

"Elektron hökumət” portalına giriş, həmçinin buradakı xidmətlərdən istifadə etmək üçün məhz yeni şəxsiyyət vəsiqələrindən yararlanmaq mümkündür.

Tərkibində elektron imza sertifikatları olan bu vəsiqələrdən bank, səhiyyə xidmətlərindən istifadə və "Elektron ticarət”də yararlanmaq mümkün olacaq.

Bu da öz növbəsində dövlət və özəl sektorda e-imzanın tətbiqinin artırmaqla yanaşı həmin sahələrdə elektron xidmətlərin inkişafını stimullaşdıracaq. Vətəndaş istədiyi yerdən, istədiyi zaman artmaqda olan elektron xidmətlərdən daha rahat istifadə edə biləcək. Bu da ölkəmizdə rəqəmli cəmiyyətin inkişafına təkan verəcək.

Ölkəmizdə e-imza sertifikatının kütləviləşməsi ilə e-xidmətlərdən istifadənin inkşafında yeni dövr başlanacaq. Cəmiyyətimizdə elektron xidmətlərdən istifadə iştirakçılığı artacaq.

Həmçinin internet bankçılıqda, sığorta xidmətlərində, virtual ofislərdə, e-sifarişdə, e-müqavilələrdə və e-ödənişlərdə fəallıq artacaq.

Yeni nəsil şəxsiyyət vəsiqələrindəki "Elektron imza” sertifikatları 5 il müddətində etibarlıdır. Bu müddət başa çatdıqdan sonra vətəndaşın müraciəti əsasında müddət növbəti 5 ilə uzadıla bilər. Qeyd edək ki, yeni nəsil elektron şəxsiyyət vəsiqələri 10 il müddətinə verilir.

Qanunvericiliyə uyğun olaraq, 10-15 yaşlı vətəndaşların vəsiqələrinə kimliyin identifikasiyası üçün yalnız bir sertifikat, yaşı 15-dən yuxarı olan vətəndaşların vəsiqələrində isə iki sertifikat – həm identifikasıya, həm də imzalama sertifikatı mövcud olacaq.

Vəsiqələrdən elektron imzalama zamanı istifadə etmək üçün lazımi proqramlar kompüterə yüklənərək kartoxuyucu vasitəsilə e-id kart kompüterlə əlaqələndirilməlidir. Proqramları www.eid.az saytından yükləyə və yükləmə təlimatı ilə tanış ola bilərsiniz.

Məlumat üçün bildirək ki, "Elektron imza” bir sıra üstünlüklərə malikdir. Belə ki, "Elektron imza” beynəlxalq FİPS 140-2 təhlükəsizlik standartına uyğunlaşdırıldığından imzalanmış elektron sənədin bütünlüyü qorunur, imzalanmış məlumat təhlükəsiz vasitələrlə digər tərəfə göndərilir.

"Elektron imza” sertifikatının istifadəsi ilə bağlı yaranan istənilən sualla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "157” Çağrı Mərkəzinə müraciət etmək mümkündür.

Məlumat üçün qeyd edək ki, yeni nəsil şəxsiyyət vəsiqələri üçün vətəndaşlar bütün ərazi polis orqanlarına və "ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.