"Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri" təsdiq edilib

1.08.18

 

Azərbaycan Respublikası Nazirlər Kabineti
Q Ə R A R

 

N 336

Bakı şəhəri,
31 iyul 2018-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
2018-ci il 31 iyul tarixli 336 nömrəli qərarı ilə 
təsdiq edilmişdir. 
2 nömrəli əlavə

 

Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri

1. Ümumi müddəalar

1.1.Bu normativ hüquqi akt (bundan sonra – akt) "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il

12 iyun tarixli 1187-VQD nömrəli Qanununun tətbiqi və "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il

26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 149 nömrəli Fərmanının 1.3.1-ci yarımbəndinin icrası ilə bağlı hazırlanmışdır və "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 33-5-ci maddəsinə uyğun olaraq 2018-ci il üçün satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların (bundan sonra – mobil cihaz) qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğlərini müəyyən edir.

1.2.Mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri mobil cihazın bazar qiymətinə uyğun müəyyən edilir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil cihazların bazar qiymətlərini və həmin qiymətlər müəyyən edilərkən istinad olunan onlayn beynəlxalq elektron informasiya sistemi barədə məlumatın öz rəsmi internet saytında yerləşdirilməsini və mütəmadi olaraq yenilənməsini təmin edir.

1.3.Bu aktda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. mobil cihaz – mobil operatorların ümumi istifadədə olan telekommunikasiya şəbəkələrində mobil (sellülar) xidmət alan (xidmət almağa yararlı olan) telefon aparatı və digər son avadanlıq;

1.3.2. bazar qiyməti – bu aktla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yeni (istifadə olunmamış) mobil cihazların (yararlılıq vəziyyətindən asılı olmayaraq) marka və modelinə uyğun müəyyən edilən, onun beynəlxalq elektron informasiya sistemində nəzərdə tutulan dəyəri.

1.4.Bu aktda istifadə olunan digər anlayışlar "Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.


2. Dövlət rüsumunun məbləği

2.1.Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir.

2.2.Bu aktın 2.1-ci bəndi mobil cihazın bazar qiyməti 100 ABŞ dollarından çox olmadıqda tətbiq olunur. Bazar qiyməti 100 ABŞ dollarından çox olan bu aktın 2.1-ci bəndində qeyd olunan mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu bu aktın

2.4.2 – 2.4.6-cı yarımbəndlərində nəzərdə tutulmuş qaydada müəyyən edilir.

2.3.Qeydiyyat üçün müraciət olunan tarixə bu aktın 1.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir.

2.4.Bu normativ hüquqi aktın 2.1-ci bəndində qeyd olunan mobil cihazlar istisna olmaqla, digər mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu aşağıdakı məbləğlərin manat ekvivalentində müəyyən edilir:

2.4.1.bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat;

2.4.2.bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat;

2.4.3.bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60 manat;

2.4.4.bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat;

2.4.5.bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat;

2.4.6.bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat.