2017-ci ildə 26 mindən çox "Elektron imza" sertifikatı istifadəyə verilib

22.01.18

Artıq 5 ildən çoxdur ki, ölkəmizdə sənəd mübadiləsində tətbiq olunan elektron imza vaxta və bu iş üçün ayrılan işçi qüvvəsinə qənaət etməklə, məsafələrin yaxınlaşmasına xidmət edir. Elektron sənədin təsdiqləyici elementi olan elektron imza virtual məkanda prosesin iştirakçılarının şəxsiyyətini müəyyənləşdirir, elektron sənəd mübadiləsinin təhlükəsiz və çevik icrasını təmin edir.

Elektron imzanın üstünlüklərinə vaxta qənaət, məxfilik, rahatlıq, bütünlük, tanınma, inkaredilməzlik məsuliyyətdən yayınmanın mümkünsüzlüyü, işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsi daxildir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elə buna görə də elektron imzadan istifadə göstəricisi artmaqdadır.

Belə ki, 2017-ci ildə dövlət qurumlarına 9,724, fiziki şəxslərə 7,412, hüquqi şəxslərə isə 9,552 olmaqla, ümumilikdə26,688"Elektron imza” sertifikatı istifadəyə verilib. Bu da 2016-cı il ilə müqayisədə 3,648 sertifikat sayı çoxdur.

Məlumat üçün qeyd edək ki, "Elektron imza” sertifikatlarının istifadəyə verildiyi gündən 1 yanvar 2018-ci il tarixinə qədər olan statistikaya əsasən, Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən dövlət qurumları üzrə 75,674, fiziki şəxslər üzrə 24,536, hüquqi şəxslər üzrə isə 26,516 olmaqla, ümumilikdə126,726"Elektron imza” sertifikatı istifadəyə verilib.

2017-ci il ərzində dövlət qurumları tərəfindən 8,147,916, habelə hüquqi və fiziki şəxslər tərəfindən 3,318,233 olmaqla, ümumilikdə11,466,149autentifikasiya və elektron imza əməliyyatları aparılıb. Bu isə 2011-ci ildən indiyə qədər aparılmış29,871,550autentifikasiya və elektron imza əməliyyatlarının 38.4%-i deməkdir.

Elektron imza, həmçinin "Elektron hökumət” portalının autentifikasiya vasitələrindəndir. 2017-cı il ərzində elektron imza kartları vasitəsi ilə ümumilikdə5,791,005autentifikasiya qeydə alınıb.

Qeyd edək ki, "Elektron imza” sertifikatlarını "Şəbəkə” xidmət, habelə Milli Sertifikat Xidməti Mərkəzinin qeydiyyat mərkəzlərinə yaxınlaşaraq və ya elektron imza saytına (www.e-imza.az) onlayn müraciət etməklə, yaxud da "Elektron hökumət” portalı vasitəsi ilə onlayn sifariş yolu ilə əldə etmək mümkündür.

Xatırladaq ki, elektron imzadan 2012-ci ildən etibarən dövlət idarəçiliyi sahəsində geniş istifadə olunur.