"Bax, istifadə et, yarat" mobil tətbiqlər müsabiqəsinin qalibləri mükafatlandırıldı

7.12.17

"Bax, İstifadə et, Yarat!” mobil tətbiqlər müsabiqəsinin qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.

Xəbər verdiyimiz kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi 13 noyabr tarixində Açıq Hökumət Məlumatlarından istifadə etməklə "Bax, İstifadə et, Yarat!” adlı mobil tətbiqlərin hazırlanması müsabiqəsini elan edib. Müsabiqənin məqsədi Azərbaycan Respublikasının "Açıq Hökumət Məlumatları” ( DATA.GOV.AZ ) portalındakı məlumatlar əsasında yeni mobil tətbiqlərin hazırlanması, Açıq Hökumət Məlumatlarından rahat istifadə, sosial yönümlü və innovativ ideyaların dəstəklənməsi və startap layihələrinin təşviq edilməsi olub.

Şərtlərə görə, iştirakçılar müsabiqəyə fərdi və ya komanda şəklində qatıla bilərdilər. Tətbiq hazırlayarkən isə Azərbaycan Respublikasının "Açıq Hökumət Məlumatları” portalındakı məlumatların ən azı birindən istifadə etməli idilər.

Müsabiqəyə 11 qrup və 8 nəfər isə fərdi olaraq hazırladıqları maraqlı mobil tətbiqlərlə qatılıblar. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin və Yüksək Texnologiyalar Parkı MMC-nin, "Best Comp Group”, "Microsoft” şirkətlərinin mütəxəssislərindən ibarət münsiflər heyəti iştirakçıların müsabiqəyə təqdim etdiyi mobil tətbiqləri qiymətləndiriblər. Müsabiqə iştirakçıları tərəfindən təqdim olunan mobil tətbiqlər sosial əhəmiyyət, funksionallıq, tamlıq, dizayn və məzmun baxımından dəyərləndirilib.

Qeyd edək ki, mobil tətbiqlərin hazırlanmasında daha çox Dövlət Statistika Komitəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirliklərinin Açıq Hökumət Məlumatlarından istifadə edilib.

"Bakutel” sərgisi çərçivəsində, 6 dekabr 2017-ci il tarixində Rabitə işçilərinin peşə bayramı günü qaliblərin mükafatlandırılması tədbiri keçirilib. Münsiflər heyətinin qərarı ilə Poçt Plus mobil tətbiqinə görə "Plus Group” komandası – I yer, Kataloq mobil tətbiqinə görə "The Dev Squad” komandası – II yer, Agro (FERM) tətbiqinə görə "No Name” komandası – III yerə layiq görülüb. Məlumat Hesablama Mərkəzi tərəfindən birinci yerin sahibinə 2000 AZN, ikinci yerin sahibinə 1500 AZN, üçüncü yerin sahibinə isə 1000 AZN pul mükafatı, kuboklar, diplomlar təqdim edilib. Bütün iştirakçılara isə "Elektron imza” sertifikatı hədiyyə olunub. Müsabiqədə iştirak edən bütün tələbələr "Microsoft BizSpark” layihəsi çərçivəsində "Microsoft”un masaüstü proqramlarını, server həllərini və "Bulud” imkanlarını əldə ediblər. Yüksək Texnologiyalar Parkı isə 2 layihənin müəllifləri - I və II yer sahiblərinə - 6 ay ərzində inkubasiya mərkəzində ödənişsiz ofisdən istifadə imkanı yaradıb.

Tədbirdə iştirak edən qonaqlar ölkəmizdə Açıq məlumatlar sənayesinin inkişaf mərhələsinə başladığını, son illər gənclərin bu sahəyə marağının daha da artdığını və bu kimi müsabiqə və layihələrin gəncləri daha da həvəsləndirdiyini vurğulayıblar. Sonda qaliblərlə birlikdə xatirə şəkilləri çəkilib.