Son bir ayda 3 mindən çox elektron imza sertifikatı istifadəyə verilib

5.05.17

Ölkədə "Elektron imza” sertifikatlarının sayının artması ilə yanaşı, onun istifadə miqyası da genişlənməkdədir. Belə ki, Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən son bir ayda istifadəyə verilmiş elektron imza sertifikatlarının sayı 3 mindən çox olub. 2017-ci ilin təkcə aprel ayında 3486 elektron imza sertifikatı verilib ki, onların 766-sı dövlət qurumlarının, 2612-si hüquqi şəxslərin, 108-i isə fiziki şəxslərin payına düşür.

Elektron imza sertifikatlarının istifadəyə verildiyi gündən cari ilin 1 may tarixinədək olan statistikaya əsasən, dövlət qurumları üzrə 68.218, fiziki şəxslər üzrə 17.480, hüquqi şəxslər üzrə isə 20.170 olmaqla, ümumilikdə 105.868 elektron imza sertifikatı istifadəyə verilib.

2017-ci ilin ilk 4 ayı ərzində isə istifadəyə verilən elektron imza sertifikatının ümumi sayı 5652 olub. Onlardan dövlət qurumlarının payına 2236, fiziki şəxslərin payına 270, hüquqi şəxslərin payına isə 3146 elektron imza sertifikatı düşür.

Bundan əlavə, məntiqi olaraq elektron imza vasitəsilə həyata keçirilmiş əməliyyatların sayı da artmaqda davam edir. Belə ki, bu günə qədər dövlət qurumları tərəfindən toplam 17.368.331, hüquqi və fiziki şəxslər üzrə toplam 4.129.326 olmaqla, ümumilikdə 21.497.657 autentifikasiya və elektron imza əməliyyatı aparılıb. 2017-ci ilin ilk 4 ayı ərzində isə aparılan əməliyyatların ümumi sayı 3.644.864 olmuşdur ki, bu da ümumi aparılmış əməliyyatların təqribən 17%-i deməkdir. Onlardan dövlət qurumlarının payına toplam olaraq 2.571.937, hüquqi və fiziki şəxslərin payına isə toplam 1.072.927 autentifikasiya və elektron imza əməliyyatı düşmüşdür.

Qeyd edək ki, elektron imza virtual mühit istifadəçisinin şəxsiyyətini müəyyənləşdirən vasitələrdən biridir. O, elektron sistemdə imzanın daşıdığı bütün funksiyaları yerinə yetirən, göndərilmiş elektron məlumatı kodlaşdıran və göndərəni təyin edən ədədi koddur. Elektron sənəd mübadiləsinin təsdiqləyici elementi kimi elektron imza virtual məkanda prosesin təhlükəsiz və çevik icrasını təmin edir. Bir sözlə, həyatımıza sirayət etmiş elektron imza rahatlığımızın və təhlükəsizliyimizin təminatçısına çevrilib.