Azərbaycan Universitetinin tələbələrinə "Elektron hökumət" portalı barədə məlumat verildi

24.04.17

Bu gün "Elektron hökumət" portalının operatoru - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin əməkdaşları tərəfindən Azərbaycan Universitetinin tələbələrinə "Elektron hökumət" mövzusunda seminar keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzinin təşkilatçılığı ilə baş tutan seminarın məqsədi gələcəyin mütəxəssislərinə İKT-nin perspektivi barədə məlumat vermək, İKT biliklərinin vacibliyinin aşılanmasıdır. Həmçinin, bu sahədə ölkədə baş verən yeniliklərin geniş tələbə kütləsinə çatdırılmasıdır.

Məruzəçilərdən Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktoru Rauf Cabbarov bildirib ki, hazırda bütün xidmət elektronlaşdırılır ki, həminelektron xidmətlərdən faydalana bilmək üçün İKT bilik və bacarıqlarına malik olmaq bir zərurətə çevrilib.

Elektron Hökumət Təlim-Tədris Mərkəzinin fəaliyyətindən bəhs edən məruzəçi, mərkəzdə İKT sahəsində istənilən ixtisas üzrə mütəxəssis yetişdirildiyini vurğulayıb. Multimedia avadanlıqları ilə tam təchiz olunmuş mərkəzdə keçirilən dərslərin video qeydiyyatı aparılır. "Bu video yazılar tələbələrə keçirilmiş dərsi bir daha izləmək imkanı verir. Təlimlər "Cisco” və "Microsoft” şirkətlərinin standartına uyğun olaraq aparılır və təqdim olunan sertifikatlarda da bu nişan öz əksini tapır” – deyə o qeyd edib.

Seminarın ikinci mərhələsində "Elektron hökumət" portalı barədə təqdimat nümayiş olunub. Qısa məlumatlandırıcı sessiyadan sonra "Elektron hökumət" portalında tələbə və müəllim heyətinə ən çox istifadə olunan xidmətlər test olunub.

Müzakirələrlə davam edən seminarın sonunda EHTTM-in apardığı sorğunun iştirakçıları arasından bir nəfər fəal seçilib və "Elektron imza” tokeni ilə mükafatlandırılıb.