Ali məktəb tələbələri üçün "Elektron hökumət" mövzusunda keçirilən silsilə tədbirlər davam etdirilir

15.04.17

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və Elektron Hökumət Təlim-Tədris Mərkəzinin təşkilatçılığı ilə "Elektron hökumət” mövzusunda keçirilən silsilə tədbirlər davam etdirilir. Bu istiqamətdə növbəti seminar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün təşkil edilib.

Seminarda Elektron Hökumət Təlim-Tədris Mərkəzinin (EHTTM) direktor vəzifəsini icra edən Rauf Cabbarov çıxışında müasir dövrdə İKT sahəsinə aid peşələrə olan tələbat və bu sahədə mütəxəssis çatışmazlığından söz açıb. Dövrün iş tələblərindən bəhs edən məruzəçi hər sahədə olduğu kimi, İKT sahəsində də peşəkarlığın önəmli olduğunu vurğulayıb.

Tədbirdə EHTTM-in fəaliyyətinə də toxunularaq, mərkəzin İKT sahəsinin bütün istiqamətləri üçün peşəkar kadr hazırlığı ilə məşğul olduğu, eyni zamanda burada təlim-tədris keyfiyyətinə "Microsoft” və "Cisco” kimi şirkətlərin öz keyfiyyət nişanı ilə zəmanət verdiyi diqqətə çatdırılıb.

Seminarın ikinci hissəsində "Elektron hökumət” portalı, elektron imza, elektron xidmətlərin gündəlik həyatda rolu və digər məsələlər barədə geniş məlumat verilib. Həmçinin "Elektron hökumət” portalı üzrə təqdim olunan arayışlar, elektron imza ilə imzalama prosesi üzrə təqdimatlar edilib.

Müzakirələrlə davam edən seminarın sonunda EHTTM-in apardığı sorğunun iştirakçıları arasından bir nəfər fəal seçilib və elektron imza tokeni ilə mükafatlandırılıb.