Regionlarda "Elektron hökumət" portalı üzrə silsilə seminarlar keçirilir

11.04.17

Aprelin 7-də Ağdam rayonunda "Elektron hökumət” portalına həsr olunmuş növbəti seminar keçirilib. Rayonun Quzanlı qəsəbəsində yerləşən Dövlət Sosial-İqtisad Kollecində baş tutan seminarda "Elektron hökumət” portalı, elektron imza, ümumilikdə, elektron xidmətlərin üstünlükləri, onların cəmiyyətə, o cümlədən idarəçiliyə verdiyi faydalardan söz açılıb.

Seminarda iştirak edən Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin eksperti Xalid Kazımov Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilmiş Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi "Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı barədə iştirakçılara məlumat verib.

Qeyd edilib ki, layihə çərçivəsində 6 region üzrə eyni mahiyyətli seminarın keçirilməsi nəzərdə tutulub. Belə ki, Mingəçevir şəhərindən start götürən layihə Bərdədə də baş tutub, növbəti seminarlar isə Göygöl, Yevlax və Ağdaşda keçiriləcək.

X.Kazımov onu da bildirib ki, layihə çərçivəsində Ağdam şəhəri, Region Gender Mərkəzi İctimai Birliyinin ofisi, eləcə də Bərdə şəhəri, Regional İnsan Hüquqları Mərkəzi İctimai Birliyinin ofisində elektron xidmətlərin istifadəsi üzrə vətəndaşlara kömək göstərilir. İnternet və kompüter avadanlıqları ilə tam təmin olunan mərkəzlərə iş saatlarında istənilən elektron xidmətlə bağlı müraciət oluna bilər.

Daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri Günay Hüseynova və Elvin Cəfərli İKT-nin xidmət sahələrinə tətbiqi ilə bağlı rəsmi sənədlərdən, "Elektron hökumət” portalının qanunvericilik bazası, portalın yaranması və inkişaf mərhələləri barədə məlumat veriblər.

Eyni zamanda "Elektron hökumət” portalı seminar iştirakçılarına praktiki olaraq göstərilib, portalın giriş vasitələri, xidmət qrupları və ən çox müraciət olunan elektron xidmətlər, həmçinin vətəndaşların portaldan istifadəsini sadələşdirən alətlər əyani olaraq test edilib.

Seminar sual-cavab sessiyası, müzakirələrlə yekunlaşıb. Sonda tədbirin fəal iştirakçılarına "Elektron hökumət” portalına daxil olmaq üçün istifadəçi adı və şifrə verilib.