"Elektron hökumət" portalına yeni xidmət inteqrasiya edilib

14.12.16

"Elektron hökumət” portalına daha bir qurum qoşulmaqla öz xidmətini istifadəçilərin ixtiyarına verib. Belə ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin "Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu adlı yeni elektron xidməti portala inteqrasiya edilib.

Xidmətdən istifadə edən hüquqi və ya fiziki şəxs elektron formada müraciət etməklə, fəaliyyətinə xüsusi icazə ala bilər. Xüsusi icazə alternativ enerji əsasında istehsal olunan bütün növ istilik və elektrik enerjisi, su enerjisi, külək enerjisi, günəş enerjisi, biokütlə enerjisi, geotermik enerji, gücü 50 kilovatdan 10 000 kilovata qədər olan kiçik su elektrik stansiyası, külək elektrik stansiyası əsasında enerji alınması üçün nəzərdə tutulan obyektlərin (qurğuların) layihələndirilməsi, tikintisi və istismarı ilə məşğul olmaq istəyən hüquqi və ya fiziki şəxslərə verilir.

Xidmət qeydiyyatlıdır və ondan istifadə etmək istəyən sahibkar elektron imza ilə portaldan qeydiyyatdan keçdikdə anketdə şəxs haqqında tələb olunan informasiyalar avtomatik qeyd edilir.

Müvafiq fəaliyyətə xüsusi icazə almaq istəyən hüquqi və ya fiziki şəxsin ərizəsi elektron imza ilə imzalanır.

Sonra isə müraciət edən şəxs aşağıda göstərilən sənədləri elektron formada yükləyərək quruma göndərir:

- "Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti”
- "Ərizədə qeyd olunan ərazi və ya obyekt (qurğu) üzrə ərizəçinin istifadə hüququnu (mülkiyyət, icarə, istifadə hüququ) təsdiq edən sənədin surəti”,
- "Ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya və lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti”
- "Obyektin (qurğunun) tikiləcəyi ərazi ilə bağlı icra hakimiyyəti orqanının rəyi”
- "Layihə”