Elektron sənədin yoxlanılması xidməti iş prosesini sadələşdirir

23.11.16

Son vaxtlar .pdf, .doc, .xls, .mp3, .avi və sair sənəd formatları sırasında .edoc-a da tez-tez rast gəlinir.

Qeyd edək ki, .edoc e-imzalayıcı proqram təminatı və kartı vasitəsilə imzalanan sənədin tipidir və tərkibində elektron sənəd və imza haqqında məlumatları saxlayır.

Elektron formada yaradılmış və elektron imza kartı vasitəsilə imzalanmış sənədlərin (.edoc) yoxlanılması çox asandır. Belə ki, yaratdığınız .edoc-u e-imza.aze-gov.az (Elektron hökumət portalı) səhifələrində yerləşdirilmiş "Elektron imza ilə imzalanmış sənədlərin yoxlanılması” xidməti vasitəsilə yoxlaya bilərsiniz. Məsələn, buna icbari siğorta satışı nümunəsində baxaq.

Məlumdur ki, icbari siğorta üçün müraciət elektronlaşıb. Elektron qaydada xidmətə müraciət edildikdən və ödəniş olunduqdan sonra siğorta şəhadətnaməsi elektron imza kartı vasitəsilə imzalanır. Vətəndaşın elektron şəhadətnaməsi .edoc formatında hazır olur.

.edoc formatında sənədin etibarlı olmasına əmin olmaq istəyiriksə, bu zaman göstərilən mənbələrdən .edoc yoxlayıcını tapıb, sənədi yükləməklə və nəticəni bir neçə saniyədə əldə edilərik.

Yoxlamanın nəticəsi aşağıdakı kimi göstərilirsə, bu, o deməkdir ki, .edoc mövcud standartlara uyğundur və sənəd istifadəyə tam yararlıdır.

  • strukturun yoxlanılması: yararlı
  • sənəd xassələrinin yoxlanılması: yararlı
  •  imzanın yoxlanılması: yararlı
  • yoxlamanın statusu: yararlı

Yuxarıda göstərilənlərdən istənilən biri yararsız kimi işarələnərsə, bu halda sənəd etibarsızdır. Əldə olunan nəticədə yoxlamanın vaxtını da görəcəksiniz.

Qeyd edək ki, elektron sənədin yoxlanılması xidməti kağız mübadiləsinə çoxdan əlvida demiş təşkilatların işini də sadələşdirir.