"Elektron imza"dan istifadə daha da asanlaşdı

20.09.16

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində "Elektron imza” sertifikat daşıyıcılarının yeni növü - USB tokenlərin geniş ictimaiyyətə tanıdılması ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə USB tokenlərin istifadəsini əyani şəkildə göstərən və onların üstünlükləri barədə jurnalistlərə ətraflı məlumat verən Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mayılov yeni daşıyıcıların əhalinin büdcəsinə qənaət edəcəyi ilə yanaşı onların istifadəsi və daşınması baxımından daha rahat olmasını qeyd edib. Eyni zamanda USB tokenlərin elektron imza açarlarının təhlükəsiz saxlanılmasına xidmət edəcəyini xüsusilə vurğulayıb.
İnformasiya təhlükəsizliyi və istifadəçi rahatlığı üçün nəzərdə tutulmuş, etibarlılıq müddəti 3 il olan bu tokenlər həm də elektron xidmətlərdən rahat istifadə imkanı yaradacaq.
İstənilən bank xidmətlərində, gömrük və vergi bəyannamələrinin doldurulmasında müştəri və eləcə də, sahibkar öz mobil qurğusundan, yaxud kompüterindən istifadə edərək USB tokenlərlə çox asanlıqla əməliyyat apara bilər.
USB tokenləri vətəndaşların, dövlət qurumları əməkdaşlarının, hüquqi şəxslərin autentifikasiya və "elektron imza” kartı məlumatlarının unikal daşıyıcısı hesab etmək olar.
"Əvvəllər "elektron imza”dan istifadə etmək üçün "elektron imza” kartı və eyni zamanda kart-oxuyucu almaq lazım gəlirdisə, indi sadəcə bir USB token əldə etmək kifayətdir. Belə ki, "Elektron imza” kartını 18 manata alan vətəndaş, əlavə olaraq kart-oxuyucu üçün 13 manat ödəniş etməli olduğu halda, artıq USB tokeni 18 manata əldə etməklə "Elektron imza”nın bütün funksiyalarından yararlana bilər.
Qeyd edək ki, kart oxucuya ehtiyac olmadan USB tokenlərin qiyməti əhali üçün 18 AZN, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün 36 manat, hüquqi şəxslər üçün 72 AZN, dövlət qulluqçuları üçün isə 58 AZN-dir.
Yeni daşıyıcı olan USB tokenləri Milli Sertifikat Xidməti Mərkəzinin qeydiyyat mərkəzlərinə yaxınlaşaraq, "elektron imza" saytına mürəciət etməklə, həmçinin, "Elektron hökumət” portalı vasitəsilə də onlayn sifariş yolu ilə əldə etmək mümkündür.
Xatırladaq ki, "Elektron imza” kartlarından 2012-ci ildən etibarən dövlət idarəçiliyi sahəsində geniş istifadə olunur.