Mingəçevirdə "Apelyasiya Şuralarına elektron şikayət qəbulu" üzrə təlim keçirilib 17.08.2016 658 Mətni çap edin

17.08.16

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən Mingəçevir şəhərində yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinə "Apelyasiya Şuralarına elektron şikayət qəbulu” üzrə elektron xidmətindən və idarəetmə panelindən istifadə qaydaları üzrə təlim keçirilib.

Regional xarakter daşıyan tədbirdə Mingəçevir, Ağdam, Yevlax, Bərdə, Tərtər, Ağcabədi, Xocalı, Laçın, Goranboy, Ağdaş, Göyçay, Ucar, Oğuz, Şəki, Qax və Naftalan şəhərlərindən olan nümayəndələr iştirak ediblər.

Qeyd edək ki, avqustun 12-də "Elektron hökumət” portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyi portala inteqrasiya edilən bu yeni elektron xidməti geniş ictimaiyyətə təqdim edib.

Xatırladaq ki, "Apelyasiya Şuralarına elektron şikayət qəbulu” üzrə elektron xidmət sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinin elektron şəkildə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyət orqanlarına çatdırmasına xidmət edir.

Sahibkarlar üçün çox böyük əhəmiyyət daşıyan xidmət, eyni zamanda şikayətçilərin dövlət orqanlarına müraciətinin daha da asanlaşmasına, sənədlərin elektron şəkildə təqdim edilməsinə, müraciətlərə baxılma barədə məlumatların əldə edilməsinə imkan verəcək.

Adıçəkilən xidmətdən istifadə edən vətəndaş, həmçinin göndərmiş olduğu müraciətin icra vəziyyəti barədə məlumatı izləmək və verilən qərarı elektron formada əldə etmək imkanı qazanacaq.