"Apelyasiya Şuralarına elektron şikayət qəbulu" xidmətinin "Elektron hökumət" portalına inteqrasiyası barədə PRESS RELİZ

12.08.16

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə yaradılan Apelyasiya Şurası üzrə xidmətlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən elektronlaşdırılıb. Artıq "Apelyasiya Şuralarına elektron şikayət qəbulu” xidməti "Elektron hökumət” portalına inteqrasiya olunub.

Bu gün "Elektron hökumət” portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyi portala inteqrasiya edilən bu yeni elektron xidməti ictimaiyyətə təqdim edib.

Təqdimatda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurası katibliyinin rəhbəri Yaşar İbrahimov RYTN tərəfindən apelyasiya şuralarına şikayətlərin qəbulu prosesinin elektronlaşdırılaraq "Elektron hökumət” portalına (e-gov.az) inteqrasiya olunmasını yüksək qiymətləndirib. O, bu sistemin sahibkarların müraciət imkanının daha da asanlaşdırılmasına xidmət etdiyini vurğulayıb.



Sonra Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov çıxış edərək ilk növbədə "Elektron hökumət” portalının uğurlu fəaliyyəti haqqında məlumat verib. Onun sözlərinə görə, hazırda portala müxtəlif qurumlardan 423 elektron xidmət inteqrasiya edilib, 8 milyonu 2016-cı ilin ilk 6 ayında olmaqla, ümumilikdə 30 milyondan artıq müraciət qeydə alınıb.

Elnar Əsədov "Apellyasiya şuralarına elektron şikayət qəbulu” elektron xidmətinin əhəmiyyətindən danışaraq bu sistemə Prezident yanında Apelyasiya Şurası da daxil olmaqla 118 qurumun qoşulacağını diqqətə çatdırıb.

Daha sonra Nazirliyin mütəxəssisləri tərəfindən Elektron Hökumət Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının mütəxəssis nümayəndələrinə elektron xidmətlə bağlı təlim keçirilib.

"Apelyasiya Şuralarına elektron şikayət qəbulu” xidməti sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinin elektron şəkildə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarına operativ çatdırmasına xidmət edir.

Sahibkarlar üçün çox böyük əhəmiyyət daşıyan xidmət, eyni zamanda şikayətçilərin dövlət orqanlarına müraciətinin daha da asanlaşmasına, sənədlərin elektron şəkildə təqdim edilməsinə, müraciətlərə baxılma barədə məlumatların əldə edilməsinə imkan verəcək. Adıçəkilən xidmətdən istifadə edən vətəndaş həmçinin, göndərmiş olduğu müraciətin icra vəziyyəti barədə məlumatı izləmək və verilən qərarı elektron formada əldə edə bilmək imkanı qazanacaq.