"Elektron hökumət" portalından istifadə dinamikası

29.07.16

Sosial rifahın yüksəldilməsi məqsədilə artıq bir neçə ildir ki, ölkəmizdə də məmur- vətəndaş münasibətlərinin optimallaşdırılmasına xidmət edən "Elektron hökumət” portalı fəaliyyət göstərir. Portala 41 mərkəzi icra hakimiyyəti orqanın təqdim etdiyi 423 elektron xidmət inteqrasiya olunub. Əhalini tam avtomatlaşdırılmış elektron xidmətlərlə təmin etmək məqsədilə portal gündən-günə təkmilləşdirilərək sadələşdirilir ki, bu da istifadəçi sayının artmasına səbəb olur.

İlin əvvəlindən istifadəçilərin sayında artım müşahidə edilən "Elektron hökumət” portalı üzərindən müxtəlif qurumların təqdim etdiyi xidmətlərə yanvar ayının birindən iyul ayının birinədək 8,155,155 dəfə müraciət edilib.

Portalda xidmətlərindən istifadəyə görə ilk onluqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Elektron Arayışlar, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, "Azərsu” ASC, Təhsil Nazirliyi, Mərkəzi Seçki Komissiyası yer tutub.



Yarımillik statistika göstərir ki, hər ay portala təxminən 1 milyondan artıq istifadəçi müraciət edir, ən çox istifadə edilən xidmət isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidmətidir ki, 6 ay ərzində bu xidmətə 1,007,705 dəfə müraciət edilib. İstifədəsinə görə ilk 5-likdə olan 2-ci xidmət isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” xidmətindən ilk yarım ildə 957,255 dəfə istifadə edilib. Sonrakı ardıcıl sıralamada yer alan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təqdim etdiyi Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi xidmətinə 873,970 və həmin qurumun Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbuludəfə xidmətinə 806,387 dəfə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” xidmətinə 711,159 dəfə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi "Telefon nömrəsi üzrə axtarış” xidmətinə isə 396,641 dəfə müraciət edilib.

Google analytics-ə istinadən "Elektron hökumət” portalının statistikasına nəzər salsaq görərik ki, cari ilin ilk 6 ayı ərzində ümumilikdə 1,098,633 nəfər 4,358,015 dəfə portala daxil olaraq 14,567,831 dəfə müxtəlif səhifələrə keçid ediblər. Həmin şəxslər 8,155,155 dəfə elektron xidmətlərə müraciət ediblər və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 8 saniyə təşkil edib.


Ümumiyyətlə vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 23,9 % yeni istifadəçilər, 76,1 %-ni isə təkrar müraciət edənlər təşkil edib.

Bununla yanaşı işgüzar münasibətlərin və əlaqələrin elektron formata keçirilməsi, sənədlərin imzalanması üçün hər bir istifadəçinin elektron imza sertifikatına ehtiyacı var. Xidmətlərin istifadə dinamikasının artması elektron imza sertifikatına olan təlabatın da artması ilə şərtlənir. Beləliklə 2016-cı ilin ilk 6 ayı ərzində olan statistikaya görə dövlət qurumları üzrə 13492, fiziki şəxslər üzrə 374, hüquqi şəxslər üzrə 1924, toplam isə 15790 elektron imza sertifikatı istifadəyə verilib. Ümumilikdə bu günə qədər RYTN-nin Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzinin təqdim etdiyi elektron imza sertifikatlarının sayı 93 mini keçib.

Onu da qeyd edək ki, portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəşilərin sayı 425 mini keçib. Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən şəxs heç bir dövlət lüzumu ödəmədən kod-parol əldə edə bilər.