"Elektron ipoteka" sistemi "Elektron hökumət" portalına inteqrasiya ediləcək

24.06.16

Prezident İlham Əliyev "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası haqqında Fərman imzalayıb.

Fərmanın 4-cü bəndində qeyd edilir ki, ASC-nin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi məqsədi ilə "Elektron hökumət” portalında "Elektron ipoteka” sistemi yaradılsın və 2017-ci il yanvarın 1-dən tətbiq edilsin.

"Elektron ipoteka” sisteminin "Elektron hökumət” portalına inteqrasiya edilməsi portalın operatoru olan RYTN Məlumat Hesablama Mərkəzinin üzərinə bir sıra öhdəliklər qoyur. Fərmanın 7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aşağdakı vəzifələri icra etməlidir:

- "Elektron ipoteka” sisteminin "Elektron hökumət” portalına inteqrasiyasını və müvafiq dövlət qurumlarının informasiya sistemlərindən məlumatların bu sistemə ötürülməsi imkanını təmin etmək;

- ipoteka kreditinin alınması üçün tələb edilən, aidiyyəti dövlət qurumlarının informasiya sistemlərində mövcud olan aşağıdakı məlumatların müvəkkil banklar tərəfindən "Elektron ipoteka” sistemi vasitəsilə alınmasını təmin etmək:

  • ipoteka krediti almaq istəyənin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar;
  • ipoteka krediti almaq istəyən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatlar;
  • ipoteka krediti almaq istəyən şəxsin (birgə borcalanın) iş yerini və gəlirlərini təsdiq edən məlumatlar;
  • ipoteka krediti almaq istəyən şəxsin ailə tərkibi barədə məlumatlar;
  • vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;
  • mərkəzləşdirilmiş kredit reyestrindən məlumatlar;
  • ünvan reyestrinin məlumatları; 
- Elektron ipoteka” sisteminin təşkilində və fəaliyyətinin təmin olunmasında ASC-nə kömək göstərmək.


Nəticə olaraq "Elektron ipoteka” sisteminin "Elektron hökumət” portalına inteqrasiyası təmin ediləcək. Bunun üçün "Elektron hökumət” portalının operatoru olaraq RYTN, "Elektron hökumət” portalının informasiya bazası üzərindən müvafiq dövlət qurumlarının informasiya sistemlərindəki məlumatların bu sistemə ötürülməsi imkanını təmin etməli, həmçinin, aidiyyəti dövlət qurumlarının informasiya sistemlərində mövcud olan, məlumatların "Elektron ipoteka” sistemi vasitəsilə müvəkkil banklara göndərilməsini təmin etməlidir. Bu isə vətəndaşların ipoteka üçün müraciətini xeyli asanlaşdıracaq. İstifadəçi kompüteri qədər ona yaxın olan elektron xidmət vasitəsilə həftənin 7 günü, sutkanın 24 saatı, heç yerə getmədənsənədlərini portal üzərindən avtomatik formalaşdıraraq ipoteka krediti almaq istədiyi müvafiq banka göndərə biləcək.