Elektron Estoniyanın fundamental elementi: "X-Road"

10.06.16

Estoniya ərazicə kiçik ölkə olsa da, informasiya texnologiyaları sahəsində yüksək inkişafa nail olub.
Ölkədə elektronlaşmanın səviyyəsini Elektron-Estoniya təyin edir. E-Estoniyanın mühüm elementlərindən biri məlumat sistemlərinin paylanmasıdır. Belə ki, məlumat sistemlərinin tək bir sahibi və ya nəzarətçisi yoxdur. İstənilən dövlət və ya özəl qurum istifadə məqsədilə özünə uyğun məlumatı əldə edə bilər. Sistemin digər bir üstünlüyü xidmətlərin elektronlaşdırılan kimi avtomatik olaraq sistemə əlavə olunmasıdır.
E-Estoniya çərçivəsində təqdim edilən və məlumat mübadiləsinə xidmət edən "X-Road" adlanan geniş infrastruktur dövlət və özəl sektora məxsus müxtəlif elektron xidmət bazalarını əlaqələndirir.
"X-Road" informasiya sistemləri arasında qarşılıqlı mübadiləyə imkan yaradır. Estoniyanın çoxşaxəli informasiya bazalarından istifadə edən bütün elektron həllər bu sistemdən faydalanır. "X-Road"dan ötürülən məlumatlar rəqəmsal olaraq imzalanır və kodlaşdırılır. Daxil olan məlumatlar isə təsdiqlənərək qeydə alınır.
Əslində bu sistem ilk öncə məhdud sayda məlumat bazalarına mürəciət üçün nəzərdə tutulmuş bir sistem olub. Sonradan inkişaf etdirilərək informasiya mübadiləsi və müxtəlif məlumat bazaları üzrə axtarışı reallaşdıran, çoxşaxəli bazalara yazılabilən sistemə çevrilib.
"X-Road" elə dizayn olunub ki, müxtəlif platformaların inteqrasiyası ilə miqyası genişləndirilə və yeni xidmətlər yaradıla bilər.

• 2013-cü ildə "X-Road" vasitəsilə 287 milyon sorğu həyata keçirilib.
• 170 informasiya bazası xidmət təklif edir.
• 2000 xidmətə müraciət olunur.
• Estoniya əhalisinin 50%-i "X-Road"dan faydalanır.

"X-Road" çevik və rahat xidmət təminatını mümkün edir:

• Daimi yaşayış yerinin elektron qeydiyyatı;
• Fərdi məlumatların (ünvan qeydiyyatı, imtahan nəticələri, sağlamlıq sığortası və s.) yoxlanılması;
• Onlayn vergi bəyannamələri;
• sürücülük vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin etibarlılıq müddətinin onlayn yoxlanılması;
• Yeni doğulan körpəyə avtomatik sağlamlıq sığortasının verilməsi.