Belarusiyanın elektron hökumət portalı ilə əməkdaşlığın təməli qoyuldu

6.05.16

Belarusiyanın paytaxtı Minsk şəhərində keçirilən "TIBO-2016" Beynəlxalq informasiya-kommunikasiya sərgi-forumunda ölkəmizi təmsil edən dövlət, özəl və qeyri-hökumət təşkilatlarının 40-a yaxın təmsilçisi, o cümlədən "Elektron hökumət” portalının operatoru olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin (MHM) nümayəndə heyəti iştirak edib.

Sərgidə 18 ölkənin 100-dən artıq şirkəti informasiya texnologiyaları sahəsində inkişaf və nailiyyətlərini təqdim edib.

Sərgi çərçivəsində Belarusiyanın bir çox aparıcı şirkətlərinin mütəxəssisləri, o cümlədən elektron hökumət, e-imza xidmətlərini təmin edən qurumlar ilə gələcək əməkdaşlıq əlaqələri müzakirə edilib.

Azərbaycanın Milli Pavilyonunu ziyarət edən rəsmi şəxslər ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərlə yanaşı, "Elektron hökumət” portalının operatoru tərəfindən nümayiş etdirilən yeni nəsil şəxsiyyət vəsiqəsi, çeşidli kart oxuyucular, yeni USB token e-imza daşıyıcıları ilə də tanış olublar.

Telekomunikasiya, təhlükəsizlik, informasiya və bankçılıq texnologiyaları üzrə keçirilən bu sərgi çərçivəsində, həmçinin, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Belarus Respublikasının Rabitə və İnformasiyalaşdırma Nazirliyi arasında hər iki ölkənin informasiya texnologiyaları üzrə şirkətlərinin iştirakı ilə 3-cü Belarus-Azərbaycan İKT Forumu keçirilib.

Forum iştirakçıları informasiya xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, avtomatlaşdırma, ticarətdə innovativ texnologiyalar, təhsil, səhiyyə və digər məsələləri müzakirə ediblər. MHM-in mütəxəssisləri isə İKT sahəsində əldə edilmiş yenilikləri, bilinq sistemi, AzDataCom, "Elektron hökumət" portalı, elektron imza, yeni nəsil şəxsiyyət vəsiqəsi, mobil nömrə daşınması xidməti, mobil cihazların qeydiyyat sistemi və s. kimi müəssisədə aparılan layihələr haqqında forum iştirakçılarına məlumat veriblər.

Qeyd edək ki, 23-cü dəfə təşkil olunan "TIBO-2016" ixtisaslaşmış sərgisi Müstəqil Dövlətlər Birliyi və Baltikyanı ölkələrin ən böyük informasiya-kommunikasiya texnologiyaları (İKT) tədbirlərindən biri hesab olunur.