"Elektron hökumət" portalı təkzib etdi

5.02.16

4 fevral 2016-cı il tarixində bəzi kütləvi informasiya vasitələrində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Elektron hökumət" portalına inteqrasiya edilmiş 13 xidmətindən hazırda yalnız 5 elektron xidmətinin işlək olduğu haqqında məlumat yayılıb.

Bununla əlaqədar "Elektron hökumət” portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi bildirir ki, bu qurumun təqdim etdiyi mövcud e-xidmətlərdən bir qisminin aktiv olmaması ƏƏSMN-də aparılan islahatlarla bilavasitə bağlıdır. Aparılan yeni islahatlara uyğun olaraq həmin xidmətlər üzərində vətəndaşların daha asan və rahat formada istifadəsinə uyğunlaşdırılması üçün texniki təkmilləşdirmə işləri aparılır.

Hazırda ƏƏSMN-nin "Elektron hökumət" portalı üzərindən təqdim etdiyi 7 elektron xidmət tam şəkildə işləkdir və vətəndaşların istifadəsindədir. Qeyd edək ki, təkcə yanvar ayı ərzində qurumun təqdim etdiyi 7 xidmətə 174708 dəfə müraciət edilib.

Xatırladaq ki, ƏƏSMN-i "Elektron hökumət" portalı üzərindən aşağıdakı 7 adda elektron xidmətləri təqdim edir:

 

  •  İş yerinə dair arayış
  •  Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi
  •  Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi
  •  İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru
  •  Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator
  •  Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi
  •  Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi.