"Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları ili" mövzusunda panel baş tutub

5.02.13

Qış universitetinin növbəti qonağı Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov olub.

"Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları ili” mövzusunda baş tutan paneldə qonaq informasiya-kommunikasiya texnologiyalarının həyatımızdakı rolundan və istifadə qaydalarından söhbət açıb.

Nail Mərdanov elektron imzalar, onların yaranması və istifadəsi ilə bağlı gəncləri məlumatlandırıb. Eyni zamanda yeni yaranmış "ASAN Xidmət" mərkəzi, onun fəaliyyəti və müsbət tərəfləri haqda iştirakçılara məlumat verib.

Həmçinin mövzu ilə bağlı təqdimat nümayiş olunub. Daha sonra görüş diskussiya şəklində davam edib və qonaq gənclərin suallarını cavablandırıb.

Qeyd edək ki, "İRƏLİ” İctimai Birliyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində "Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gənclik" layihəsi keçirilir.

8 fevral tarixinə qədər davam edəcək layihə müddətində 5 komanda (Etimad, Uğur, Birlik, İnkişaf və Tərəqqi) qalibiyyət uğrunda yarışacaq.