"Elektron hökumət" portalı haqqında Əsasnamə təsdiq edilib

6.02.13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Fərman imzalayıb.

Fərmanla "Elektron hökumət” portalı haqqında Əsasnamə” təsdiq edilib, Nazirlər Kabinetinə iki ay müddətində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin razılaşdırılmış təkliflərini nəzərə alaraq "2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nın layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Bundan əlavə, Nazirlər Kabineti iki ay müddətində dövlət informasiya sistemlərinin və ehtiyatlarının yaradılmasının və idarə edilməsinin tənzimlənməsi barədə təkliflərini hazırlayıb Prezidentə təqdim etməli, həmçinin "Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısını və informasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin portala qoşulması üçün texniki tələbləri Azərbaycan Prezidenti ilə razılaşdıraraq təsdiq etməlidir.

Fərmanla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Elektron hökumət” portalının fəaliyyətinin təşkili və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməli, dövlət orqanlarının elektron xidmətlərinin portala qoşulmasını təmin etməlidir.

Mərkəzi icra hakimiyyəti orqanları isə elektron xidmətlərin təşkilini sürətləndirməli və onların "Elektron hökumət” portalına qoşulması üçün zəruri tədbirlər görməlidir; informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin səmərəli təşkili məqsədi ilə sərəncamlarında olan informasiya sistemlərində və ehtiyatlarında fərdi identifikasiya nömrəsinin tətbiqini təmin etməlidirlər.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə dövlət orqanlarının "Elektron hökumət” portalına qoşulması üçün onları zəruri telekommunikasiya kanalları ilə təmin etmək, portalın təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görmək tapşırılıb.