"Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı" çərçivəsində reallaşdırılacaq tədbirlər

24.11.15

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə 6 dekabr Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsinin işçilərinin peşə bayramı kimi qeyd edilir. Hər il olduğu kimi, bu il də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və müvafiq sosial kampaniyaların icrası üçün "Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı" elan edib. 20 noyabr-20 dekabr tarixlərini əhatə edəcək bu dövr ərzində rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə nazirlik tərəfindən müvafiq Tədbirlər Planının icrası üçün aidiyyatı qurumlara tapşırıqlar verilib.

Artıq 4 gündür ki, nazirlik "Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı"na keçib, bu ay ərzində sahə üzrə müvafiq öhdəliklərin icrasına nəzarət artırılıb. "Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı" çərçivəsində prioritet seçilən məsələlər vətəndaş qəbulunun müəyyən edilmiş vaxtlarda və lazımi səviyyədə aparılması, həmçinin, müraciətlər üzrə operativ tədbirlərin görülməsi, xidmətin keyfiyyət səviyyəsi üzrə onlayn sorğuların keçirilməsi və əldə olunan nəticələr üzrə tədbirlərin görülməsi və sairdir.

"Rabitəxidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı" çərçivəsində baş tutacaq güzəştli kampaniyalar:

  • mənzilə eyni zamanda 2 ədəd yeni telefon çəkilişinin 1 ədədinin ödənişsiz sənədləşdirilməsi;
  • təşkilata eyni zamanda 3 ədəd telefon çəkilişinin 1 ədədinin ödənişsiz sənədləşdirilməsi;
  • CDMA nömrələrinin çəkilişinin ödənişsiz sənədləşdirilməsi;
  • İPTV xidmətlərinin qoşulmasının ödənişsiz sənədləşdirilməsi;
  • genişzolaqlı internet xidmətlərinin qoşulmasının ödənişsiz sənədləşdirilməsi;
  • domen adlarının qeydiyyatı ilə bağlı kampaniyanın keçirilməsi kimi güzəştli kampaniyaların təşkili.

 Güzəştli internet kampaniyası:Bu gün Azərbaycan internet istifadəçilərinin sayı əhalinin 73 faizini təşkil edir, bu göstəricinin yüksəldilməsi məqsədilə nazirlik müvafiq tədbirlər həyata keçirməkdədir. Bu baxımdan "Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı" çərçivəsində AzDataCom internet provayderinin elan etdiyi 1+1 kampaniyası da məqsədəuyğundur. Belə ki, 20 noyabr-20 dekabr çərçivəsində 1 və 2 Mb/s internet sifariş edən abunəçiyə 1 Mb/s hədiyyə olunacaq.

Nəzərinizə çatdırırıq ki, "Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı" çərçivəsində aparılan bütün tədbirlər sahə üzrə xidmət keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.