"Elektron Hökumət" rəqəmsal cəmiyyətin davamlı inkişafı üçün lokomotiv rolunu oynayır

23.11.15

"Elektron Hökumət” quruculuğunun nə vaxtsa tam olaraq başa çatdığını təsəvvür etmək çox çətindir.

"Elektron Hökumət" quruculuğu rəqəmsal cəmiyyətin təməlini təşkil edir. Dünyanın bütün inkişaf etmiş ölkələrində tətbiq edilən bu infrastruktur bəşər cəmiyyətinə yeni, mütərəqqi idarəetmə üsulları ilə xidmət edir. Ölkəmizdə də hər ötən gün mövcud idarəçilik sisteminin qüsurları aradan qaldırılır, İKT-nin tətbiqi ilə sosial yönümlü müasir idarəetmə sistemi bərqərar olur. Yeni yaradılan imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün məmurlar və vətəndaşlar arasında olan təması minimuma endirmək, eyni zamanda bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır.

"Elektron Hökumət” portalı (www.e-gov.az) bu quruculuğun mühüm elementi kimi Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və elektron xidmətlərin göstərilməsinə şərait yaradır. "Elektron Hökumət" portalı artıq 3 ildir ki, bütün sutka ərzində evdən, qatardan, avtomobildən, bir sözlə, zaman və məkan məhdudiyyəti tanımadan internet olan hər yerdən vətəndaşlara xidmət edir. Hazırda portal 45 qurum tərəfindən təqdim olunan 432 xidməti özündə birləşdirərək "vahid pəncərə” prinsipi ilə təqdim etməklə bərabər, həm də xidmət təminatçıları arasında ciddi rəqabət yaradır.

Portala inteqrasiya edilən informasiya sistemləri hazırda 11 elektron arayışın avtomatik olaraq formalaşdırılmasını və aidiyyatı quruma yönləndirilməsini mümkün edib. Portal üzərindən 157 xidmət və 33 növ lisenziya ilə bağlı elektron müraciətlər mümkün edilmişdir. Bununla yanaşı, "Hökumət Ödəniş" portalının e-gov.az –a inteqrasiya edilməsi ilə "Kommunal", "Rabitə", "İpoteka", "Büdcə" üzrə ödənişləri artıq bir xidmət məkanından icra etmək mümkün olmuşdur.

Yerli İcra Hakimiyyətləri ilə əməkdaşlıq edərək bir sıra sosial xidmətlərin elektronlaşması istiqamətində mühüm işlər görülmüş, fikir və təcrübə mübadiləsi aparılmışdır. "Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qəbuluna "Elektron Hökumət” portalı vasitəsilə yazılmaq və prosesin onlayn izlənilməsi” xidmətinin hazırda vətəndaşlar üçün daha çox aktual olduğu müəyyən edilmiş və bu xidmət tam şəkildə elektronlaşdırılaraq istifadəyə verilmişdir. Hazırda bu sahə üzrə 20-dən çox xidmət elektronlaşdırılmışdır və tezliklə portal üzərindən vətəndaşların istifadəsinə veriləcəkdir.

"Elektron Hökumət” elə bir sistemdir ki, onun nə zaman tam qurulub başa çatdığını təsəvvür etmək çox çətindir. İnsan təxəyülünün məhsulu olan müxtəlif fikirlər, ideyalar, innovativ yeniliklərlə portal daim təkmilləşir. Portalda yaradılan "Fikir bankı” məhz bu məqsədə xidmət edir. "Mənim xidmətlərim” fərdi xidmət portfeli, real vaxtda portalla əks əlaqəni mümkün edən "Online konsultasiya" kimi funksionallıqlar məhz "Elektron Hökumət" quruculuğunun aktiv iştirakçıları olan vətəndaşların təklifləri əsasında yaradılıb. Portalın "157” Zəng Mərkəzi, Facebook, Twitter kimi səhifələri də vətəndaşların müraciətlərinə daim açıqdır.

"Elektron Hökumət"in önəmli komponentlərindən biri hesab olunan "Elektron imza”nın üstünlüyü məxfilik, bütünlük, tanınma və inkaredilməzlikdir. Elektron imza əllə çəkilən imza ilə eyni hüquqa malikdir. Elektron imzanın bütün üstünlükləri haqqında daha ətraflı www.e-imza.az saytından əldə edə bilərsiniz.

"Elektron Hökumət" portalının tərkib hissəsi olan www.data.e-gov.az portalı bir sıra dövlət qurumları tərəfindən açıq edilmiş 25 adda qeyri-fərdi məlumatlar bazasını özündə əks etdirir. Burada mövcud qanunvericiliyə uyğun olaraq təqdim olunan açıq məlumatlar müntəzəm olaraq yenilənir və təkmilləşir. www.data.e-gov.az portalı vasitəsilə vətəndaşlar və biznes strukturları dövlət qurumları tərəfindən yaradılan və açıq edilən məlumatları heç bir ödəniş etmədən əldə edə, veb və mobil servislərin hazırlanması üçün istifadə edə bilərlər.

Bütün bu yenilikləri, o çümlədən "Elektron Hökumət" quruculuğu, elektron xidmətlər, elektron imza, eləcə də İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri ictimaiyyətə çatdırmaq məqsədilə ayda bir dəfə "Elektron Hökumət" bülleteni dərc olunur. Bülletendə "Elektron Hökumət" portalı, tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu və xarici ölkələrin "Elektron Hökumət" və İKT sahəsindəki təcrübələri barədə xəbərlər öz əksini tapır.

Bir çox ali məktəblərdə, kolleclərdə e-hökumət istiqaməti üzrə maarifləndirici tədbirlər həyata keçirilir, tələbələrə E-Hökumət portalı, e-imza, e-xidmətlər, açıq məlumatlar və startup layihələr barədə geniş məlumat verilir. Bu il Azərbaycan Texniki Universiteti və portalın operatorunun nəzdində Elm-Təhsil və Texnologiyalar Birliyinin yaradılması qərara alınmış və bu barədə AzTU və Elektron Hökumət portalının operatoru arasında müqavilə imzalanmış və bu istiqamətdə mühüm işlər görülmüşdür.

"Elektron Hökumət” quruculuğu informasiya cəmiyyətinin davamlı inkişafı üçün bazis, təməl rolunu oynayan mühüm amildir və hər bir vətəndaş bu prosesdə yaxından iştirak edərək öz əməli töhfəsini verməyə çalışmalıdır.