Rabitə və yüksək texnologiyalar sahəsinin "ən peşəkarları" məlum oldu

20.11.15

Bu gün Rabitə və Yüksək texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü ilə əlaqədar rabitə işçiləri arasında ən peşəkarların müəyyənləşdirilməsi ilə bağlı müsabiqə keçirilib.

Müsabiqədə RYTN Məlumat Hesablama Mərkəzinin 2, "Aztelekom” MMC-nin 2, Bakı Telefon Rabitə İstehsalat Birliyinin 1, "AZ-EVRO TELMMC-nin 1 əməkdaşı ən peşəkar "şəbəkə inzibatçısı" və "proqramçı" adını qazanmaq üçün öz bilik və bacarıqlarını sınayıblar.

Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə yarışın gedişatını izləyib və iştirakçılara uğurlar arzulayıb.

Açılış mərasimində çıxış edən RYTN-in İnfrastrukturun inkişafı şöbəsinin poçt sektorunun müdiri Novruz Məmmədov bildirib ki, işçilər arasında peşəkarların müəyyənləşdirilməsi, rəqabətin mühitinin yaradılması ümumi işlərə müsbət təsir göstərir. Tədbirdə qeyd edilib ki, yarışlar 2 mərhələdə keçirilir. Birinci mərhələdə iştirakçılar test sualları əsasında öz biliklərini nümayiş etdirirlər. Belə ki, hər bir iştirakçı ona verilən 30 sualı yarım saat ərzində yazılı şəkildə cavablandırmalıdır.

İkinci mərhələdə isə praktiki suallar əsasında görülən işin nəticəsi, onun keyfiyyəti, düzgünlüyü üzrə qiymətləndirmələr aparılacaq.

Ümumi yekun bal çıxarmaqla ümumrespublika üzrə ən yaxşı peşəkar rabitəçilər arasında I, II, III yerlər müəyyənləşdirilir. Bir qayda olaraq I yerə layiq görülən insanlara "rabitə ustası" fəxri adı və pul mükafatı verilir. II və III yerin sahiblərinə isə pul mükafatı və diplomlar təqdim edilir.

Məlumat üçün bildirək ki, sözügedən yarışların keçirilməsi ilə əlaqədar peşəkar kadrlardan ibarət münsiflər heyəti yaradılıb. Münsiflər heyətinin üzvləri də test suallarının hazırlanmasında və praktik tapşırıqların seçimində iştirak ediblər.

Yarışlar rəhbərliyin və münsiflər heyətinin nəzarəti ilə şəffaf şəkildə keçirildi. Yekunda münsiflər heyətinin ümumi rəyi ilə qiymətləndirmələr aparılaraq nəticələr müəyyənləşdirildi. Sonda qalibıər elan olundu və nazir müavini Elmir Vəlizadə qalibləri təbrik etdi.