Mobil Hökumət Elektron Hökuməti əvəz edə biləcəkmi?

10.11.15

Ölkəmizdə mobil rabitənin yüksək səviyyədə inkişaf etməsi "Elektron Hökumət”in mobil versiyasının yaradılmasını və vətəndaşların mobil cihazların köməyi ilə onlayn rejimdə elektron xidmətlərdən istifadə etməsini şərtləndirdi. Artıq ən aktual xidmətlərdən smartfonla, planşetlə, həmçinin ənənəvi mobil telefonla müvafiq autentifikasiya vasitələri (kod/parol, e-imza) ilə mobil tətbiqə daxil olub istifadə etmək mümkündür. Qeyd edək ki, mobil versiyada təqdim olunan xidmətlərin sayı bu gün 20-yə qədər olsa da, bu rəqəmin artırılması planlaşdırılır. Bir sözlə Mobil əlavə "Elektron Hökumət”in inkşafı üçün atılmış növbəti addımdır.

Bəs "Mobil Hökumət” nədir?

"Mobil Hökumət” – "Elekrton Hökumət”in mobil platformaya daşınması mümkün və əlverişli olan xidmətlərindən yaşından, sosial statusundan, təhsilindən, yaşayış yerindən asılı olmayaraq geniş kütlənin istifadə edə bilməsini təmin edən və hər kəs üçün əlçatan olan rahat yoldur. Bir sözlə "Sən hardasansa xidmət ordadır”. İnsanlar xidmətin dalınca getmir, xidmət onların ayağına gəlir. Bu əhaliyə göstərilən xidmətin yeni, əlavə modelidir və XXI əsrin vətəndaşlarını qane etmək üçün innovativ idarəetmə formasıdır.

Mobil əlavə vasitəsilə hansı xidmətlərdən istifadə etmək mümkündür?

Statistikaya görə elektron arayışlar(çıxarışlar) portalda ən çox istifadə olunan xidmətlərdəndir. Buna görə də sosial tələbatın çox olduğu elektron çıxarışların mobil əlavəsi yaradıldı. Hazırda adları aşağıda verilən elektron arayışları(çıxarış) vətəndaşlar mobil telefonlarından istifadə edərək formalaşdırıb adiyyatı quruma göndərə bilərlər:

  • Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış
  • Yaşayış yeri haqqında arayış
  • Diplom haqqında arayış
  • Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış
  • Vətəndaş haqqında "tələbə məzun” dövlət elektron məlumat sistemindən çıxarış
  • Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış

 

Qeyd edək ki, qurumlar özləri də tədricən öz elektron xidmətlərinin mobil əlavəsini hazırlamaqda maraqlıdırlar. Onlardan bir neçəsi artıq "Elektron Hökumət” portalı üzərindən mobil əlavəsini vətəndaşların istifadəsinə verib.

Vətəndaşların marağında olan bu mobil xidmətlər aşağıdakılardır:

  • DİN FİN-ə görə fərdi məlumatların axtarışı
  • RYTN Mobil cihazların İMEİ kodunun yoxlanılması
  • SN İmmunoprofilaktika üzrə məlumatların verilməsi (peyvəndlər barədə məlumat) və s.

 

Mobil əlavədə xidmətlərlə yanaşı vətəndaşın "Elektron Hökumət Portalı”nın "Elektron Ödənişlər” xidməti (https://www.e-gov.az/az/services/readwidenew/3425) vasitəsilə əlavə etdiyi ödəniş xidmətləri barədə məlumatlandırma hissəsi də vardır. Bu bölmədə vətəndaş bir çox xidmətlər üzrə borc məlumatlarını əldə edə bilir. Eyni zamanda bu xidmətlər üçün bildiriş almağı aktiv etdikdə, ödənişlər barədə borclar və ödəmə bildirişlərini də vaxtaşırı əldə etmık mümkündür.

Mobil hökumət "Elektron Hökumət”i əvəz edəcəkmi?

Mobil hökumət bu gün yalnız "Elektron Hökumət” texnologiyasının əlçatmaz olduğu yerlərə nüfuz edir. Əlbəttə ki, mobil xidmətlər elektron xidmətlə müqayisədə daha böyük əraziləri əhatə edir. Bu da o deməkdir ki, mobil xidmətlərdən elektron xidmətlərə nisbətən daha çox sayda insanlar istifadə edir. Kompüter müəyyən olunmuş yerə aiddir, evdə, işdə və s. Mobil çihazlar isə hər zaman istifadəçinin yanındadır. Bu müqayisəni davam etdirmək də olar. Məsələn:

Mobil cihaz:

  • Ucuzdur
  • Demək olar ki, hamıda var
  • Yaşlı insanlara və İKT savadı olmayan insanlara mənimsəmək daha asandır

 

Kompüter:

  • Daha geniş imkanları var
  • Daha rahat istifadəçi interfeys, böyük ekran, və rahat klaviaturaya malikdir
  • Kompüter hamıda yoxdur

 

Statistikaya görə mobil əlavələrdən insanlar daha çox ödəmələr, sifariş etmək və s kimi təcili sosial tələbatları ödəmək məqsədilə istifadə edirlər. Məsələn, mobil hökumətin inkişaf etdiyi Estoniyada mobil xidmətlərdən daha çox parklama, nəqliyyata bilet sifariş etmək və s. üçün SMS-lər göndərilir. Lisenziya alma, qeydiyyata düşmə, nigaha daxil olma və s. kimi xidmətlərdən isə vətəndaşlar "Elektron Hökumət” portalı vasitəsilə yararlanırlar. Mütəxəssislərin fikrincə bu müqayisələr onu deməyə əsas verir ki, mobil hökumət "Elektron Hökuməti” tam şəkildə əvəz etməyəcək və paralel olaraq hər ikisindən istifadə olunacaq.