Startup Günləri açıq elan edildi

6.11.15

Bu gün Yüksək Texnologiyalar Parkında startup günləri başlayır. Üç gün davam edəcək Startup günlərinin keçirilməsində məqsəd ölkədə yeni startupların yaradılmasına kömək etmək, bu istiqamətdə onlara informasiya-metodiki dəstək vermək, internet biznesinin inkişafına təkan vermək, eləcə də, milli startup infrastrukturunun inkişaf etdirməkdən ibarətdir.

Tədbirdə çıxış edən Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə iştirakçıları salamlayaraq bütün startupçılara uğurlar arzuladı. Startupçıların fəaliyyətinin bu gün diqqət mərkəzində olduğunu və ölkədə bu istiqamətdə əməlli addımların atılması üçün məqsədyönlü siyasətin həyata keçirildiyini vurğuladı. Bu baxımdan, Startup Günlərinin əhəmiyyətini qeyd edən nazir müavini tədbirlər çərçivəsində keçiriləcək seminarların rolundan danışdı. İdeya üzrə keçirilən müsabiqələrin mövcud informasiya resurslarından qənaətli və səmərəli istifadəni təmin edəcəyini söylədi. Bu baxımdan hər bir şəxs ölkənin inkişafına, İKT-nin inkişafına töhfə verə bilər, həmçinin Azərbaycandan kənarda da müvəffəqiyyət qazana bilər. Nazir müavini ali məktəb nümayəndələrinin bu gün özlərinin texno-parklarını yaratdığını və ölkədə gedən bu prosesə töhfə verdiyini söylədi. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyaların İnkişafı Dövlət Fondunun və Yüksək Texnologiyalar Parkının bu istiqamətdə startupçılara hərtərəfli dəstək olduğunu və bu istiqamətdə gələcəkdə daha böyük layihələrin həyata keçirilməsi üçün inkubator rolunu oynadığını xatırlatdı. Ötən il 25 adda layihənin Bakutel sərgisində ictimaiyyətə nümayiş etdirildiyini qeyd edən nazir müavini bu il də sərgi çərçivəsində bu istiqamətdə xüsusi tədbirlər planlaşdırıldığını nəzərə çatdırdı. Nazir müavini Budapeştdə "ITU Telecom World 2015” sərgisində 4 startup layihəsinin iştirak etdiyini və onlardan birinin qalib gəldiyini, daha bir milli layihənin isə dünya səviyyəsində 2-ci yerə çıxdığını söylədi. Bu potensialın aşkarlanmasının önəmli olduğunu qeyd edən E.Vəlizadə sonda startupçıları təşəbbüskar olmağa, idayalarının reallaşdırılması uğrunda daha əzimkar olmağa səslədi.

Qeyd edək ki, Startup günləri çərçivəsində "Yeni startupların yaranmasında biznes inkubatorların və universitetlərin rolu" mövzusunda konfrans və yeni başlayan startupçılar üçün beynəlxalq ekspertin iştirakı ilə Təlimlər keçiriləcək. Belə tədbirlərdə startupçıların biznes ideyalarının və yeni internet layihələrinin ilkin variantları yarışacaq. Belə ki, Startup günlərində innovativ biznes ideyaları ətrafında komandalar formalaşacaq, mentroların və ekspertlərin köməyi ilə yeni startup layihələrin ilkin variantı hazırlanacaq. Yekunda bu layihələr münsiflər heyətinin qiymətləndirməsinə təhvil veriləcək. Qaliblər diplom, sertifikatlar və xüsusi hədiyyələrlə mükafatlandırılacaq.

Həmçinin, tədbirlər çərçivəsində beynəlxalq səfərlərdə və beynəlxalq tədbirlərdə iştirak edən yerli startup sahiblərinin yeni başlayan, internetə və biznesə maraq göstərən gənclərlə görüşləri təşkil olunacaq.