SINAM Qırğızıstanda e-hökumətin yaradılması ilə bağlı təcrübəsini bölüşüb

4.02.13

Ötən həftə Bişkekdə Azərbaycanın SİNAM şirkəti tərəfindən "Vergi inzibatçılığının təkmilləşdirilməsi layihəsi timsalında elektron hökumətin yaradılması təcrübəsi (ITAS) və Oracle şirkətinin informasiya texnologiyaları sahəsində texnoloji yenilikləri" adlı konfrans keçirilib. Konfransda Qırğızıstan Prezident Aparatının, parlament, hökumət, donor birliyi və bankların, eləcə də digər qurum və şirkətlərin nümayəndələri iştirak edib.
 
Qeyd etmək lazımdır ki, hazırda Qırğızıstanın bütün dövlət qurumları ölkədə "elektron hökumət” prinsiplərinin və iş üsullarının tətbiqi sahəsində fəal iş aparırlar. Konfrans zamanı SİNAM şirkəti Qırğızıstan hökuməti ilə birgə Asiya İnkişaf Bankı tərəfindən həyata keçirilən inteqrasiya olunmuş vergi inzibatçılığı sistemi (İTAS) timsalında elektron hökumət üçün informasiya sistemlərinin işlənib hazırlanması sahəsində əldə etdiyi təcrübəsini bölüşüb.
 
Layihənin məqsədi Qırğızıstan Respublikasının Dövlət Vergi Xidmətinin əsas biznes-proseslərini əhatə edən müasir vergi inzibatçılığı sisteminin tətbiqindən ibarətdir. Layihənin icrası zamanı ən müasir İT texnologiyalardan, o cümlədən dünyanın nəhəng proqram təminatı istehsalçısı Oracle şirkətinin texnologiyasından istifadə edilib.