Yasamal Rayon Məhkəməsində Bakı şəhərinin rayon məhkəmələrinin əməkdaşlarının iştirakı ilə "Elektron hökumət: modern və çevik idarəetmənin yeni modeli" mövzusunda seminar keçirildi

24.10.15

Bu gün "Elektron Hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri Yasamal Rayon Məhkəməsinin konfrans zalında Bakı şəhərinin bütün rayon məhkəmələrinin 30-dan artıq əməkdaşının qatıldığı təlimdə "Elektron hökumət: modern və çevik idarəetmənin yeni modeli" adlı prezentasiya ilə iştirak etdilər. Təlimdə Portalın mütəxəssisləri iştirakçılara "Elektron Hökumət” sistemi, "Elektron Hökumət”in infrastrukturu, autentifikasiya vasitələri, elektron imza, elektron xidmətlər, dövlət reyestrləri və açıq hökumət məlumatları barədə məlumat verdilər. Bundan başqa "Elektron Hökumət"in yaradılmasını zəruri edən amillərdən, onun hüquqi əsasından bəhs edildi, "Elektron Hökumət” portalı üzərindən təqdim olunan e-xidmətlər barədə ətraflı məlumat verildi. "Elektron Hökumət” portalının bu yaxınlarda istifadəyə verilmiş yeni versiyasının üstünlüklərindən, daha sadə və daha istifadəçiyönümlü olmasından bəhs edildi.

Məruzəçilər vətəndaşlar tərəfindən daha çox istifadə olunan "Elektron arayışlar” barədə tədbir iştirakçılarına məlumat verdilər. Qeyd etdildi ki, elektron arayışlar daha çox sosial tələbat olan və portalda ən çox istifadə olunan xidmətlərdəndir və hazırda "Elektron Hökumət” portalı vasitəsilə vətəndaşlara 10 növdə e-arayışlar təqdim edilir. Gələcəkdə e-arayışların əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.

Qeyd edildi ki, "Elektron Hökumət” portalının əsas məqsədi portal üzərindən dövlət qurumlarının İnformasiya Sistemləri arasında məlumat mübadiləsinin tam şəkildə reallaşdırılması və qurumlar tərəfindən vətənsdaşa aid özündə olan məlumatları digər aidiyyatı qurumlara elektron şəkildə ötürülməsinin təmin edilməsidir. Məruzəçilər bildirdilər ki, Portalın Operatoru olaraq aidiyyatı qurumlarla bu sahədə mütəmadi işlər aparılır, mülkiyyətində olan İS-nin təkmilləşdirilməsi, FİN-ə uyğunlaşdırılması və s. məsələlərdə onlara köməklik göstərilir. Əlbəttə ki, bu sahədə daha böyük uğur əldə olunması üçün bütün qurumların səyi vacibdir və vətəndaş məmnunluğunu hədəf seçən "Elektron Hökumət" portalı bu istiqamətdə aparılacaq işlərdə bütün qurumlarla sıx əməkdaşlıq edir.

Məruzəçilər portalın tərkib hissəsi olan Dövlət Reyestrlərinin rolu və funsiyaları barədə tədbir iştirakçılarına geniş məlumatr verdilər. Qeyd edildi ki, Reyestrlərinin operatoru kimi, tərəfimizdən keçən dövr ərzində 82 dövlət informasiya ehtiyatı və 169 fərdi məlumatların informasiya sistemi reyestrlərdə dövlət qeydiyyatına alınıb və Reyestrlərin tələbinə uyğun olıaraq həmin qurumlarla mütəmadi işlər aparılır. Qurumlarla aparılan birgə əməkdaşlıq sayəsində portala inteqrasiya edilmiş çox şaxəli informasiya ehtiyatları və sistemləri istənilən növ xidmətlərin yaradılmasına imkan verir.

Dövlət İnformasiya Ehtiyatlarının Reyestrində Azərbaycan Respublikasının Ali Məhkəməsinin 6 informasiya ehtiyatının qeydiyyata alınması barədə iştirakçılara ətraflı məlumat verildi.

Məruzəçilər E-hökumətin beynəlxalq təcrübəyə və standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər barədə də məlumat verdilər. Qeyd edildi ki, Elektron Hökumət" quruculuğu sahəsində beynəlxalq təcrübə tərəfimizdən mütəmadi olaraq öyrənilir və dəyərləndirilir. Eyni zamanda bir sıra ölkələr bizim bu sahədəki təcrübəni öyrənirlər və bizimlə yaxından əməkdaşlıq edirlər.

Daha sonra "Elektron Hökumət” portalının əməkdaşları portalda daha çox istifadə olunan e-xidmətləri (elektron arayışlar, elektron ödənişlər və s.) real rejimdə test edərək nümayiş etdirdilər.

Seminar "Elektron Hökumət” üzrə sual-cavab və müzakirələrilə davam etdi.