ASAN xidmətin yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısında arayışların elektronlaşdırılması və hüquqi tənzimlənməsi məsələləri müzakirə edildi

21.10.15

Bu gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirildi. Tədbirdə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, ASAN xidmətin şöbə müdiri Fariz Cəfərov, "Elektron Hökumət” portalının Operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin şöbə müdiri İlqar Abdullayev, QHT-lərin nümayəndələri, hüquqşünaslar və mütəxəssislər iştirak edirdilər.

Toplantıda İctimai Şura tərəfindən hazırda elektron formada və ənənəvi formada göstərilən xidmətlərlə bağlı tələb olunan müxtəlif tipli 40-dan artıq arayışların siyahısı iştirakçılara təqdim olundu. Həmin arayışların elektronlaşdırılaraq "Elektron Hökumət” portalı vasitəsilə təqdim olunması, ASAN xidmət mərkəzlərində təqdim olunması və ya ümumiyyətlə həmin arayışların ləğv edilməsi ilə bağlı məsələlər müzakirə olundu.

Ölkəmizdə İKT-nin davamlı inkişafı və "Elektron Hökumət”in yaradılması bu gün qurumlara təqdim etdikləri xidmətlərin elektronlaşdırılmasına şərait yaratmışdır. Eyni zamanda bu məsələ ölkə rəhbərliyi tərəfindən qurumların qarşısında vəzifə kimi qoyulmuşdur. Hazırda qurumların informasiya sistemləri mütəmadi şəkildə yenilənir, təkmilləşdirilir və inkişaf etdirilir. Mövcud şəraiti dəyərləndirən İctimai Şura vətəndaşlara qoyulan arayış yükünü minimuma endirməyi təklif edir.

Nəzərə alsaq ki, vətəndaşdan kağız üzərində tələb olunan informasiya digər qurumun informasiya bazasından əldə oluna bilər, hələ də bu arayışın mövcud olması və tələb olunması vətəndaşa xidmət deyil əlavə vaxt itkisidir. Kənardan xırda görünən bu məsələni ətraflı təhlil etdikdə görürük ki, bu yük təkcə vətəndaşlara deyil, eləcə də idarəetmə sisteminin işinə problemlər yaradır.

Toplantıda "Elektron Hökumət" operatorunun təmsilçisi çıxış edərək, səslənən məsələnin aktual olduğunu və daima "Elektron Hökumət" portalının gündəmində olduğunu qeyd etdi. Bildirildi ki, hazırda portal üzərindən 9 növ arayış elektron şəkildə təqdim olunur və həmin arayışlardan istifadə sayı dinamik şəkildə artmaqdadır:

  • Diplom haqqında arayış
  • Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış
  • Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış
  • Vətəndaşa aid fərdi məlumatlar üzrə arayış
  • Yaşayış yeri haqqında arayış
  • İş yerinə dair arayış
  • Vətəndaş haqqında "Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən çıxarış
  • Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında e-arayış
  • Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında e-arayış
  • Turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin lisenziyaları haqqında arayış

Hazırda bir neçə yeni arayışların elektron versiyasının hazırlanması üzərində işlər aparılır və tezliklə istifadəyə veriləcək. Məruzəçi qeyd etdi ki, portal üzərindən dövlət qurumlarının İnformasiya Sistemləri arasında məlumat mübadiləsi tam olaraq reallaşdırıldıqdan sonra ümumiyyətlə arayışlara ehtiyac olmaya bilər və bir qurum vətənsdaşa aid özündə olan məlumatları digər aidiyyatı quruma elektron şəkildə ötürər.

Məruzəçi qeyd etdi ki, Portalın Operatoru olaraq aidiyyatı qurumlarla bu sahədə mütəmadi işlər aparılır, mülkiyyətində olan İS-nin təkmilləşdirilməsi, FİN-ə uyğunlaşdırılması və s. məsələlərdə onlara köməklik göstərilir. Əlbəttə ki, bu sahədə daha böyük uğur əldə olunması üçün bütün qurumların səyi vacibdir. Vətəndaş məmnunluğunu hədəf seçən "Elektron Hökumət" portalı bu istiqamətdə aparılacaq işlərdə hər cür əməkdaşlığa hazırdır.

Şöbə müdiri vurğuladı ki, müxtəlif qurumların mülkiyyətlərində olan informasiya sistemlərində subyekt haqqında müxtəlif məlumatlar toplanılır və saxlanılır. Fərdi məumatlar haqqında Qanuna əsasən subyekt bu informasiya sistemlərində özləri haqqında saxlanılan məlumatın məzmunu və düzgülüyü ilə tanış olmaq hüququna malikdir. Ona görə də, informasiya sistemlərində subyekt haqqında saxlanılan məlumatların vətəndaşa bu və ya digər formada, bu elektron arayış və ya elektron çıxarış ola bilər, təqdim olunması hər zaman aktual olacaqdır. Vətəndaş istədiyi vaxt onun haqqında informasiya sistemində olan məlumatı elektron formada elektron imza ilə imzalanmış halda və ya portaldan kargüzarlıq qaydalarına əsasən hazırlanmış formaya uyğun şəkildə çap edərək özündə saxlamaq imkanlarına malik olmalıdır. Və təbii ki, hər bir elektron arayış müvafiq veb servislə müşaiət olunmalıdır.

Tədbirdə ASAN xidmətin şöbə müdiri, QHT-lərin nümayəndələri və hüquqşünaslar da çıxış edərək qeyd olunan məsələnin aktual olduğunu və dəstəklədiklərini bildirdilər.

Müzakirələrin nəticəsi olaraq Təkliflər paketi hazırlanaraq ASAN xidmətə və "Elektron hökumət" portalının operatoruna təqdim olunacağı və gələcəkdə belə müzakirələrin mütəmadi olaraq keçiriləcəyi qərara alındı.