Bir ayda "Elektron hökumət" portalı vasitəsilə elektron xidmətdən 12 438 dəfə istifadə edilib

4.02.13

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanmış "Elektron hökumət" bülleteninin ikinci sayı işıq üzü görüb. Bu sayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İKT sahəsinə verilən diqqəti və əldə edilmiş uğurları nəzərə alaraq, 2013-cü ili "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan etməsi, "elektron hökumət" layihələrinin genişləndirilməsi istiqamətində görülmüş işlər barədə materiallar hazırlanıb.

 Bülletendə Mobil İD, onun zərurəti, "Elektron hökumət" portalının vətəndaş və hökumət (C2G) münasibətlərində vacibliyi haqqında analitik məqalələr və sosial şəbəkələrdə vətəndaşlarımız tərəfindən verilmiş təkliflər və münasibətlərdən seçmələr verilib.
 
 Eləcə də Maliyyə Nazirliyi tərəfindən ölkədə elektron xidmətlərin daha da inkişafı, eyni zamanda büdcə təşkilatlarına göstərilən xəzinə xidməti üzrə əməliyyatların daha da çevik və səmərəli təşkili sahəsində apardıqları əməli addımlar barəsində məlumat verilib. Bülletendə həmçinin "Elektron hökumət" portalında (www.e-gov.az) yerləşdirilmiş e-xidmətlərin, ən çox istifadə olunan xidmətlərin, əhaliyə və qurumlara verilən elektron imza sertifikatlarının sayı haqqında statistik məlumatlar verilib. Yanvar ayı ərzində "Elektron hökumət" portalı vasitəsilə elektron xidmətdən 12 438 dəfə istifadə edilib, portala 25113 nəfər tərəfindən 34365 dəfə daxilolmalar qeydə alınıb.