"Elektron Hökumət" portalının Operatoru maarifləndirici tədbirləri davam etdirir

22.09.15

Elm-texnologiyanın inkişafı və mövcud informativ resursların zənginliyi dünya dövlətlərini idarəçilik metodlarını yeniləməyə, daha səmərəli müstəviyə, elektron mühitə daşımağa imkan verir. Hazırda bütün qabaqcıl ölkələrdə olduğu kimi, respublikamızda da vətəndaşların ictimai rifahı, yaşayış dinamikasının stabilliyi üçün bir çox islahatlar tədbiq edilməkdədir. Proseslərin elektron mühitə daşınması bir tərəfdən tam şəffaf xidmət təklif etmək prinsipini təmin edirsə, digər tərəfdən vətəndaşları əlavə vaxt, enerji və fiziki güc sərf etməkdən azad edir.

2012-ci ilin aprel ayından bir çox qurumlar tərəfindən göstərilən ictimai xidmətləri virtual mühitdə "bir pəncərə” prinsipi ilə toplayan "Elektron Hökumət" portalı öz işini vətəndaş məmnuniyyəti üzrə inkişaf etdirməkdədir. Ən qabaqcıl dövlətlərin belə bu prosesi keçdikləri yola baxsaq və bu proseslərin İKT-nin gündəlik inkişafından birbaşa asılı olduğunu nəzərə alsaq, ölkəmizdə yeni elektron idarəçilik modeli kimi "Elektron Hökumət" portalının bu inkişaf yolunun başlanğıcında olduğunu görərik. Buna baxmayaraq, portal vasitəsilə istər xidmətlərin elektron və bir məkandan təqdim olunması, istərsə də, vətəndaşyönümlü funksiyaların (Fikir bankı, Əks əlaqə, Online konsultasiya, Mənim xidmətlərim     və s.) üstünlüyü bu gün 2,4 milyondan artıq Azərbaycan vətəndaşını portalın daimi istifadəçisinə çevirib.

Heç şübhəsiz, "Elektron Hökumət" portalı üzrə proseslərin yüksələn xətlə inkişafı istismar dövründə yaranan istifadəçi tələblərindən də asılıdır. Bununla bağlı, portalın operatoru olaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ötən illərdə bir çox maarifləndirici tədbirlər, müsabiqələr keçirmiş, xüsusilə 2014-cü ildən etibarən belə tədbirlər sistemli, müntəzəm xarakter almışdır. Məqsəd cəmiyyətin bütün üzvlərinin "Elektron Hökumət" innovativ xidmət məkanından müntəzəm istifadəsini təmin etmək, ölkəmizdə hər gün dəyişən və inkişaf edən "Elektron Hökumət" quruculuğunda vətəndaşların aktiv iştirakına münbit şərait yaratmaqdır.

Cari ilin keçən dövrünə nəzər salsaq, "Elektron Hökumət" bülletenlərinin təqdimatı üzrə hər ay brifinqlər təşkil edilmişdir. Aylıq "Elektron Hökumət" bülletenlərinin təqdimatı ilə "Elektron Hökumət" üzrə ən yeni xəbərlər mətbuat işçilərinə birbaşa təqdim olunur və bu yeniliklərin işıqlandırılması üçün lazımi şərait yaradılır. Eyni zamanda hər dəfə müxtəlif dövlət qurumlarının nümayəndələri brifinqə dəvət edilir və onlar mətbuat işçilərinin suallarını cavablandırırılar.

İlin əvvəlindən etibarən, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti və ADA Universitetində, Xəzər Universitetinin Dünya məktəbində və Avropa Liseyində "Elektron hökumət və gənclər" mövzusunda seminarlar təşkil olunmuş, "Elektron Hökumət"in əhəmiyyəti, e-xidmətlərin gənclərin həyatında rolu, Açıq Hökumət Məlumatları və bununla bağlı olan startup layihələri barədə gənclərə ətraflı məlumat verilmişdir.

"Elektron Hökumət"in yeni mərhələsi olan Açıq Hökumət Məlumatları üzrə təşkil olunmuş startup toplantılarının daimi aktiv iştirakçısı kimi, MHM-in mütəxəssisləri tərəfindən Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universitetinin tələbələrinə "Elektron Hökumət" quruculuğu,e-xidmətlər, "Elektron Hökumət" portalı, e-sənəd, e-imza, Açıq Hökumət Məlumatları, data.gov.az portalı barədə geniş məlumat verilmişdir.

Mart ayında "Elektron Hökumət” üzrə jurnalistlər və İKT ilə maraqlanan tələbələr üçün MHM-də 2 günlük kurs təşkil olunmuşdur. İki gün davam edən kurs çərçivəsində iştirakçılara elektron hökumətin infrastrukturu, elektron xidmətlər, Dövlət Reyestrlərinin yaradılmasının məqsədi, açıq hökumət məlumatları və eləcə də, elektron imza, yeni nəsil şəxsiyyət vəsiqələrinin mahiyyəti və əhəmiyyəti, e-xidmətlərin, həmçinin, e-imzanın kütləviləşməsində yeni nəsil şəxsiyyət vəsiqələrinin rolu barədə informasiya verilmişdir.

Cari ilin əvvəlindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşəbbüsü ilə İcra Hakimiyyəti nümayəndələri üçün bir neçə dəfə təşkil olunmuş seminarlarda MHM-in mütəxəssisləri tərəfindən iştirakçılara "Elektron Hökumət" portalı və e-imza layihələri barədə həm nəzəri həm də praktiki məlumatlar verilmişdir.

Qeyd olunanlardan əlavə MHM digər qurumlar tərəfindən bu sahə üzrə təşkil olunan maarifləndirici tədbirlərdə aktiv iştirak etmişdir və iştirakçılara motivasiya edici təşəbbüslər göstərmişdir.

Bu il Azərbaycan Texniki Universiteti və RYTN Məlumat Hesablama Mərkəzinin nəzdində Elm-Təhsil və Texnologiyalar Birliyinin yaradılması qərara alınmış və bu barədə AzTU və Elektron Hökumət portalının operatoru arasında müqavilə imzalanmışdır. Hər iki müəssisə yeni tərəfdaşlıq əsasında "Elektron idarəçilik, İnformasiya sistemləri və kibertəhlükəsizlik”Elm-Təhsil və Texnologiyalar Birliyinin yaradılamsı istiqamətində işlərin icrasına başlamışdır.

"Elektron Hökumət" üzrə dünya təcrübəsinə nəzər saldıqda bir daha əmin oluruq ki, bu prosesin davamlı inkişafında ictimai motivasiya önəmli rol oynayır. Portalın operatoru olaraq, MHM 2015-ci ilin sentyabr-dekabr ayları üçün "Elektron Hökumət" quruculuğu üzrə maarifləndirici, motivasiya edici tədbirləri genişləndirməyi planlaşdırır və artıq portalın reallaşdıracağı tədbirlər planı müzakirə edilərək təsdiq olunmuşdur.

Hesab edirik ki, həyata keçirilən bu cür tədbirlər "Elektron Hökumət" portalının istifadəçi sayını artırmaqla yanaşı, həm də vətəndaşları bu prosesin iştirakçısına çevirəcək.