"Elektron Hökumət" bülleteninin sentyabr sayının təqdimat mərasimi keçirildi

11.09.15

Bu gün "Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Elektron Hökumət" bülleteninin sentyabr sayının təqdimatı üzrə brifinq keçirildi.

Brifinqdə Məlumat Hesablama Mərkəzinin rəhbərliyi, Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini Vahid Qurbanlı, Hökumət Ödəniş Portalının təminatı şöbəsinin rəisi Fərid Vəliyev, "Milli Kart" MMC-nin nümayəndəsi Cəlal Orucov, "Microsoft Azərbaycan" şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov, İnternet Forumunun prezidenti Osman Gündüz və mətbuat nümayəndələri iştirak etdi.

Brifinqin keçirilməsində məqsəd təqdim olunan yeniliklər barədə informasiyanın kütləviləşməsi, həmçinin, görülən işlərin mətbuata birbaşa elan olunmasından ibarətdir.

Tədbiri MHM-nin direktoru Nail Mərdanov açıq elan etdi. O "Elektron Hökumət" quruculuğu sahəsində son yeniliklər və statistik rəqəmlər barədətədbir iştirakçılarına ətraflı məlumat verdi. N.Mərdanov bildirdi ki, artıq "Elektron Hökumət" portalına daxil olanların sayı 2,5 milyonu, elektron xidmətlərdən istifadə sayı isə 14 milyonu keçmişdir. Portal üzərindən təqdim olunan e-xidmətlərin sayı artıq 409-dur. Portal üzərindən daha çox praktik əhəmiyyətli sosial xidmətlərin təqdiminə üstünlük verildiyini söyləyən məruzəçi qeyd etdi ki, hazırda portalın mobil versiyası kimi bir neçə innovativ həllər tətbiq olunduğunu söylədi. Əlavə olaraq bildirdi ki, ötən il portalın operatoru İSO:27001/2005 sertifikasiyasından keçmişdir, bu il İOS:27001/2013 standartları üzrə resertifikasiyadan keçən MHM, həmçinin, Microsoft Gümüş tərəfdaşlıq sertifikatını əldə etmişdir. Portalın operatoru RYTN MHM belə böyük şirkətlərlə əməkdaşlıq edən və texniki tələblərini beynəlxalq standartlara uyğunlaşdıran ilk dövlət qurumudur. Məruzəçi "Elektron Hökumət" portalının son 3 il fəaliyyət dövründə işlənən bütün məhsulların Microsofta məxsus olduğunu və elə bu səbəbdən, Microsoftun sertifikasiyasından keçməyin və yaxın əməkdaşlıq qurulmasının təqdim olunan xidmətlərin keyfiyyət göstəricilərinə təsir edəcəyini vurğuladı.

N.Mərdanov bildirdi ki, yay aylarında qurumun ən böyük müvəffəqiyyəti "Hökumət Ödəniş" portalının "Elektron Hökumət" portalına inteqrasiyası ilə bağlıdır. Avqust ayında informasiya sistemlərinin inteqrasiyası ilə bağlı Nazirlər Kabinetinin qərarını qeyd edən məruzəçi bununla əlaqədar 6 ay əvvəldən işlərə başlanıldığını söylədi.

Cari ildə portal üzrə görülən işlərdən bəhs edən N.Mərdanov, bütün qurumlarla aparılan birgə əməkdaşlıq sayəsində mövcud çox şaxəli informasiya sisteminin genişləndirilməsini vətəndaş yönümlü xidmətlərin yaradılması üçün əhəmiyyətli baza olduğu qeyd etdi.

Daha sonra, Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini Vahid Qurbanlı çışıx edərək "Elektron Hökumət" portalının ölkədə sosial xidmət təqdim edən dövlət resursu olduğunu və vətəndaşların işini sadələşdirdiyini bildirdi. Mərkəzi Bankın qanunla tənzimlənən əsas fəaliyyət sahələrindən qiymət stabilliyinin qorunması eləcə də bank ödəniş sisteminin stabilliyinin və inkişafının təmin edilməsini xüsusilə vurğulayan V.Qurbanlı. 2000-ci ildən paytaxda və regionlarda iri ödəniş, klirinq sistemlərinin yaradıldığını söylədi. Belə sistemlərin yaradılmasında məqsəd milli infrastrukturun əhali və iqtisadi subyektlərin nağdsız ödənişlərdən istifadəsinin genişləndirilməsi üçün tələb olunan şəraitin təmini olduğunu vurğuladı. "Hökumət Ödəniş" sisteminin ilkin olaraq, kommunal xərclərin sistemli və mərkəzli şəkildə toplanılması üçün yaradıldığını daha sonra isə vergi, rüsum xərclərinin, mobil və stasionar telefon xərclərin ölkənin istənilən bölgələrindən ödənilməsi üçün tətbiq edildiyini bildirdi. Bu gün 4 kommunal qurumun və 12 dövlət qurumunun, 6 rabitə (mobil və stasionar) operatorun portala inteqrasiya olduğunu qeyd edən mütəxəssis, təşkilatlar üzrə 300-dən artıq xidmət üzrə ödəniş qəbul olunduğunu, eləcə də, nağdsız şəkildə kart vasitəsilə ödənişlərin də müvafiq sistem vasitəsilə qəbul olunduğu nəzərə çatdırdı. HÖP-ün əsas özəlliyinin ödəniş zamanı məlumatların xidmət kodu üzrə avtomatik göstərilməsi və ödənişin aparıldığı barədə bildirişin istifadəçiyə göndərilməsi olduğunu qeyd edən məruzəçi əvvəllər bununla bağlı xeyli narahatlıqlar yaşandığını söylədi. Hal hazırda isə bu hallar öz həllini tapmışdır və "Elektron Hökumət" portalı ilə əməkdaşlıq bu istiqamətdə yeni imkanlıqlar yaradır.

Daha sonra, "Elektron Hökumət" portalının operatoru RYTN MHM-in Microsoft Gümüş tərəfdaşlığı əldə etməsi ilə bağlı "Microsoft Azərbaycan" şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov çıxış edərək MHM-in 6 mütəxəssisinin müvafiq sertifikasiyadan keçdiyini eləcə də, sertifikasiya zamanı testlərin, pilotların tətbiq olunduğunu bildirdi. Gələcəkdə müəssisə ilə tərəfdaşlıq çərçivəsində bulud tətbiqləri üzrə mütəxəssislərin hazırlanacağını söyləyərək bu münasibətlə mütəxəssisləri təbrik etdi.

HÖP-də aparılan ödənişi mümkün edən vasitələrdən biri Milli kartdır. Bununla bağlı, Milli Kart MMC-nin nümayəndəsi Cəlal Orucov çıxış edərək "Milli Kart" informasiya sisteminin "Hökumət Ödəniş" portalına artıq bir ildir inteqrasiya edildiyini, "Elektron Hökumət" portalının operatoru ilə isə bu işlərə yeni başlanıldığını söylədi. Tezliklə, portal üzrə təqdim olunan ödənişli xidmətlər və xidmətlər üçün rüsumların milli kart vasitəsilə onlayn ödənilməsi mümkün ediləcəyini müjdələdi.

Tətbiq olunan cib.az mobil həllinin sosial aspektlərini qeyd edən məruzəçi əlavənin funksionallıqları barədə məlumat verdi. Hazırda, İOS və Android əməliyyat sistemləri dəstəkləyən mobil telefon istifadəçiləri 40-dan çox ödəniş növünü bu tərtibat vasitəsilə həyata keçirə bilirlər. Məruzəçi, onu da qeyd etdi ki, hazırda 10 000 istifadəçi cib.az mobil əlavəsindən istifadə edir. Bu sahədə gənclərin rolunu vurğulayan mütəxəssis belə mobil tərtibatların iqtisadi mahiyyətini açıqladı.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz öz çıxışında mətbuat nümayəndələrini ölkədə baş verən elektronlaşma prosesi ilə daha yaxından maraqlanmağa, nöqsanlar və çatışmazlıqlar üzrə araşdırmalar apararaq daha tələbkar olmağa səslədi.

Tədbir mətbuat nümayəndələrinin sualları üzrə müzakirələrlə yekunlaşdı.