Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin informasiya sisteminin "Elektron Hökumət" portalına inteqrasiyası üzrə müzakirələr aparılıb

14.08.15

Bu gün Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nümayəndələri ilə birgə görüş keçirilib. Görüşdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin informasiya sisteminin "Elektron Hökumət” portalına qoşulması  və elektron xidmətlərin təşkili haqqında hüquqi, texniki və proqram məsələlər müzakirə olunub.

Görüş zamanı Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarına əsasən təsdiq edilmiş elektron xidmətlər siyahısı üzrə  "Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu" xidmətinin portal üzərindən "bir pəncərə" prinsipinə uyğun olaraq vətəndaşlara təqdim edilməsi üçün texniki məqamlar gözdən keçirildi. Sözügedən xidmətin Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş müvafiq texniki qaydalara uyğun hazırlanması üçün zəruri informasiya və portala qoşulma sxemi Agentliyin  nümayəndələrinə təqdim edildi.

Qeyd edək ki, sözügedən xidmətin istifadəçilərə portal üzərindən çatdırılması bu sahədə qurulan yeni biznes sahələrinin işini sadələşdiriləcəkdir.

Müzakirələrin sonunda müvafiq informasiya sisteminin portala inteqrasiya edilməsi üçün alınacaq serverlər və digər avadanlıqların texniki parametrləri MHM-in mütəxəssisləri tərəfindən Agentliyin əməkdaşlarına təqdim edildi. Hər iki qurum arasında davamlı əməkdaşlıq sayəsində  qeyd olunan  məsələlərin tezliklə reallaşdırılacağı vurğulandı və uğurlu əməkdaşlığın başlanması məqsədilə ikitərəfli müqavilə layihəsinin hazırlanması qərara alındı.