"Qaz abunəçiləri üzrə informasiya ehtiyatı"nın "Elektron hökumət" portalına inteqrasiyası üçün SOCAR-la birgə müzakirə keçirildi

13.08.15

12 avqust 2015-ci il tarixdə "Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində SOCAR İTRİ-nin əməkdaşları ilə görüş keçirilmişdir. Görüş zamanı

  • "Azəriqaz” İB-ə məxsus "Qaz abunəçiləri üzrə informasiya ehtiyatı"nın Dövlət Reyestrində qeydiyyata alınması;
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarının icrası ilə bağlı informasiya sisteminin portala inteqrasiyası;
  • Pportal üzərindən informasiya mübadiləsi aparılmaqla "104” Zəng (Çağrı) Mərkəzinin işinin təkmilləşdirilməsi;
  • Müvafiq elektron xidmətlərin təşkili, uyğun servislərin hazırlanması və sair məsələlər müzakirə edildi.

 

Toplantının əsas məqsədi "Azəriqaz" İB-nin İnformasiya sisteminin portala qoşulması ilə ictimai tələbatın yüksək olduğu xidmətlərin elektronlaşdırılaraq "bir pəncərə" prinsipi üzrə "Elektron Hökumət" portalı üzərindən vətəndaşlara təqdim edilməsidir. Toplantı çərçivəsində zəruri sosial xidmətlərin elektronlaşdırılması, həmçinin, məlumat bazasının FİN-ə uyğunlaşdırılması məsələləri müzakirə edildi. Bu istiqamətdə portalın mövcud potensialları barədə ətraflı məlumat verildi.

Bundan başqa, yeni qaz abunəçilərinin sənədləşdirilməsi zamanı ünvan və soyadların, a.a. sistemə əl ilə daxil edildiyi və bununla əlaqədar bir çox mexaniki səhvlərin baş verdiyi qeyd olundu. Bu problemin aradan qaldırılması və İnformasiya sisteminin formalaşdırılmasının ilkin mənbədən aparılması məqsədilə portal üzərindən İAMAS informasiya sistemindən "Azəriqaz" İB-nəservis ötürülməsi təklif edildi və prosesin texniki detalları birgə müzakirə edildi.

Qeyd olundu ki, "Azəriqaz" İB-nin mövcud abunəçi bazasında məlumatların ~70%-i FİN-ə uyğunlaşdırılıb. "Azəriqaz” İB-nin mülkiyyətində olan informasiya sistemlərində abunəçilərə dair fərdi məlumatların İAMAS informasiya sistemindəki məlumatlarla üzləşdirilərək FİN-ə uyğunlaşdırılması istiqamətində MHM-in öz köməyini əsirgəməyəcəyi bildirildi.

Sonra MHM-in "157” Zəng Mərkəzinin iş prinsipi SOCAR-ın əməkdaşlarına əyani nümayiş etdirildi və "Azəriqaz" İB-nin İnformasiya sisteminin portala qoşulmasından sonra "104” Zəng Mərkəzinin işinin analoji qaydada təkmilləşdirilməsinin mümkün olduğu bildirildi.

Müzakirələrin sonunda müvafiq informasiya sisteminin portala inteqrasiya edilməsi üçün alınacaq serverlər və digər avadanlıqların texniki parametrləri MHM-in mütəxəssisləri tərəfindən SOCAR-ın əməkdaşlarına təqdim edildi. Hər iki qurum arasında davamlı əməkdaşlıq sayəsində qeyd olunan məsələlərin tezliklə reallaşdırılacağı vurğulandı və uğurlu əməkdaşlığın başlanması məqsədilə ikitərəfli müqavilə layihəsinin hazırlanması qərara alındı.