Dövlət qurumlarının informasiya açıqlığı (onlayn şəffaflıq) üzrə Hesabat və Reytinq cədvəli açıqlandı

6.08.15

Multimedia Mərkəzi 6 avqust 2015-ci il tarixdə BeynəlxalqMətbuat Mərkəzində "Dövlət qurumlarının onlayn şəffaflıq vəziyyəti: problemlər və perspektivlər”mövzusunda dəyirmi masa təşkil etdi. Toplantıda informasiya açıqlığı ilə bağlı dövlət qurumlarının rəsmi internet resursları üzrə 4 ay davam edən monitorinqin nəticələri açıqlandı. Dövlət qurumlarının rəsmi internet resurslarının informasiya açıqlığı üzrə monitorinqini aparan Multimedia Mərkəzi monitorinq prosesində 73 mərkəzi icra orqanının( nazirliklər, dövlət komitələri və s.) və 68 yerli icra orqanının(rayon və şəhər icra hakimiyyətləri) rəsmi saytlarının informasiya açıqlığı vəziyyətini araşdırıb.


Dövlət qurumlarının, Vətəndaş Cəmiyyəti subyektlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbiri Multimedia Mərkəzinin direktoru Osman Gündüz açdı və informasiya açıqlığı üzrə Mərkəzi və yerli icra qurumlarının növbəti Hesabatını və Reytinq Cədvəlini ictimaiyyətə təqdim etdi. Məruzəçi bəzi mərkəzi icra orqanlarında informasiya açıqlığı sahəsində əvvəlki illərlə müqayisədə müsbət irəliləyişlərin olduğunu, bir sıra qurumlarda isə hələ də bu sahədə problemlərin qaldığını qeyd etdi.



 

Sonra "Elektron Hökumət" portalının nümayəndəsi İlqar Abdullayev çıxış edərək Multimedia Mərkəzinin hazırladığı Hesabatı və Reytinq cədvəlini yüksək qiymətləndirdiyini bildirdi. O, Multimedia Mərkəzinin "Elektron Hökumət", e-xidmətlər, elektronlaşma sahəsində apardığı işlər, həyata keçirdiyi tədbirlərin təqdiralayiq olduğunu qeyd etdi və Multimedia Mərkəzinə, şəxsən Mərkəzin direktoru Osman müəllimə bu istiqamətdə apardığı işlərə və göstərdiyi dəstəyə görə "Elektron Hökumət" portalının operatoru adından öz minnətdarlığımı bildirdi.

Məruzəçi tədbir iştirakçılarına "Elektron Hökumət quruculuğu üzrə əldə edilmiş nailiyyətlər və qarşıda duran prioritet məsələlər” barədə məlumat vermək istədiyini bildirdi və qeyd etdi ki, portalda 2012-ci ildə 50-yə yaxın xidmət var idisə, hazırda portal üzərindən xidmət göstərən qurumların sayı 45, təqdim edilən xidmətlərin sayı 409-dur. Həyata keçirilən tədbirlər, görülən işlər sayəsində portaldakı e-xidmətlərdən istifadə sayı da dinamik şəkildə artmaqdadır. Belə ki, 1 avqust 2015-ci il tarixə portalın istifadəçilərinin sayı 2,3 milyon nəfərdən çox olub və onlar 14,1 milyon dəfədən çox e-xidmətlərdən istifadə etmişlər.

İ.Abdullayev əldə olunmuş nailiyyətlərlə yanaşı, "Elektron Hökumət" layihəsinin davamlı inkişafı üçün qarşıda duran və tam şəkildə həlli vacib olan bir sıra prioritet məsələləri qeyd etdi:

 

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "E-xidmətlərin siyahısı”na uyğun olaraq bütün qurumlar tərəfindən siyahıdakı xidmətlərin elektronlaşdırılması, mövcud texniki tələblərə uyğunlaşdırılması və portala inteqrasiyası.

 

Bu sahədə xeyli işlər görülmüşdür və yuxarıda qeyd olunduğu kimi hazırda portalda 409 e-xidmət vətəndaşların istifadəsindədir. Eyni zamanda hələ bu sahədə görülməli işlər çoxdur. Belə ki, NK tərəfindən təsdiq edilmiş 454 xidmətdən 01.08.2015-ci il tarixə 335-i (73%-i) portala inteqrasiya edilib.

 

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2014-cü il tarixli 118 nömrəli Qərarına uyğun olaraq siyahı üzrə "Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarınınportala qoşulmasının və qurumlararası informasiya mübadiləsinin təmin edilməsi. Bunun üçün qurumların İS-nin müvafiq tələblərə cavab verməsivə FİN-ə uyğunlaşdırılması.

 

Dövlət qurumlarının informasiya sistemlərinin "Elektron hökumət” portalına inteqrasiyası və qurumlararası məlumat mübadiləsinin təşkili olduqca zəruridir və bunun üçün bütün qurumların öz üzərlərinə düşən vəzifələri vaxtında icra etmələri vacibdir. Bu məqsədlə tərəfimizdən Dövlət Reyestrlərində qeydiyyata alınmış İS-nin mütəmadi olaraq monitorinqi aparılır, İS-nin FİN-ə uyğunlaşdırılması üçün qurumlara təmənnasız köməklik göstərilir. Hazırda Azərsu, Azərişıq, Azəriqaz, Mobil Operatorlar və s. qurumlarla bu istiqamətdə işlər aparılır. Eyni zamanda xidmət göstərən qurumlar (Azərsu, Azərişıq, Azəriqaz, mobil və stasionar telefon operatorları və s.) tərəfindən abunəçilər sənədləşdirilərkən məlumatların ilkin mənbədən avtomatik olaraq götürülməsi və bununla da abunəçi bazalarının formalaşması zaman yaranan səhvlərin qarşısının tamamilə alınması istiqamətində qurumlarla müvafiq işlər aparılır.

Bəzi qurumların məlumatları qanunvericiliyə uyğun olaraq portal üzərindən servis şəklində aidiyyatı quruma ötürülür, amma bu sahədə görülməli işlər hələ çoxdur.

 

  • Qurumlar tərəfindən fərdi olmayan ictimai xarakterli məlumatların kompüter tərəfindən oxunaqlı formata gətirilməsi və açıq hökumət məlumatları portalında (data.gov.az) yerləşdirilməsi.

 

Cari ilin yanvar ayında "data.gov.az” açıq məlumatlar portalı vətəndaşların istifadəsinə verilmişdir və hazırda data.gov.az portalında 25 adda məlumat bazası istifadəyə açıq edilmişdir. Həmçinin, tərəfimizdən açıq məlumatlar əsasında mobil və veb tərtibatların yazılması üzrə müsabiqə elan edilmiş, bir çox universitetlərdə tədbirlər, treninqlər təşkil olunmuş və tələbələrlə, startupçılarla maarifləndirmə işləri aparılmışdır.

Məruzəçi qeyd etdi ki, açıq məlumatlar portalında hələlik yalnız Ədliyyə, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm, Səhiyyə nazirliklərinin, Azərsu ASC-nin və Dövlət Gömrük Komitəsinin məlumatları yerləşdirilib. Halbuki, aparılan araşdırmalara görə əksər qurumların mülkiyyətində açıq edilməli məlumatlar vardır.

 

  • Elektron arayışların çeşidinin artırılması və tətbiq sahələrinin genişləndirilməsi üçün lazımi tədbirlərin görülməsi.

 

Keçən il portalda "Elektron arayışlar" bölməsi yaradılmışdır və artıq vətəndaşlar 9 növ arayışları dövlət qurumlarına getmədən portaldan asanlıqla əldə edə bilirlər. Hazırda 25-ə yaxın bank e-arayışlardan faydalanaraq kreditləşmə əməliyyatlarını həyata keçirirlər və 9-10 ay ərzində kredit almaq üçün 200 mindən çox e-arayışlar portal vasitəsilə formalaşdırılaraq banklara və kredit təşkilatlarına təqdim olunmuşdur.

Hamımıza məlumdur ki, ölkəmizdə vətəndaşlardan kifayət qədər müxtəlif arayışlar və sənədlər tələb olunur və elektron arayışların çeşidinin artırılması və tətbiq sahələrinin genişləndirilməsi üçün hələ kifayət qədər işlər görülməlidir.

Qeyd edək ki, ölkə Prezidentinin "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimatın təsdiq edilməsi haqqında” 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmana dəyişikliklər edilməsi haqqında imzaladığı Fərman e-elektron arayışların həm elektron şəkildə, həm də kağız şəklində çap edilərək aidiyyatı qurumlara təqdim edilməsinə və e-sənəd dövriyyəsinin genişlənməsinə hüquqi zəmin yaradır.

 

  • İcra Hakimiyyətləri və bələdiyyələr tərəfindən göstərilən bütün xidmətlərin elektronlaşdırılması və portala inteqrasiyası;

 

Bəzi İcra Hakimiyyətləri ilə əməkdaşlıq edərək bir sıra sosial xidmətlərin elektronlaşması istiqamətində işlər görmüş, fikir və təcrübə mübadiləsi aparılmışdır. "Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qəbuluna Elektron hökumət portalı vasitəsilə yazılmaq və prosesin onlayn izlənilməsi” xidmətinin hazırda vətəndaşlar üçün daha çox aktual olduğu müəyyən edilmiş və bu xidmət xidmət tam şəkildə elektronlaşdıraarq istifadəyə verilmişdir. Hazırda bu sahə üzrə 20-dən çox xidmət elektronlaşdırılmışdır və tezliklə portal üzərindən vətəndaşların istifadəsinə veriləcəkdir.

Bu sahədə də kifayət qədər görülməli işlər var. Eyni zamanda bələdiyyələrin əhaliyə göstərdikləri xidmətlər öyrənilməli və tam şəkildə eıektronlaşdırılmalıdır. Bildiyimiz kimi bu xidmətlər vətəndaşlarımızı ən çox narahat edən və qayğılandıran sahələrdir.

 

  • Elektron Hökumət sahəsində maarifləndirmə xarakterli tədbirlərin, kursların, mühazirələrin, treninqlərin, müsabiqələrin və s. təşkil edilməsi. Vətəndaşların irad, rəy və təkliflərinin öyrənilməsi və dəyərləndirilməsi.

 

Cari ildə tərəfimizdən bir çox ali məktəblərdə, kolleclərdə e-hökumət istiqaməti üzrə maarifləndirici tədbirlər həyata keçirilmiş, tələbələrə E-Hökumət portalı, e-imza, e-xidmətlər, açıq məlumatlar və startup layihələr barədə geniş məlumat verilmişdir. Hər il e-hökumət quruculuğu üzrə yazı və video-süjet müsabiqələri keçirilir.

Cari ilin iyun ayında Azərbaycan Texniki Universiteti və RYTN Məlumat Hesablama Mərkəzinin nəzdində Elm-Təhsil və Texnologiyalar Birliyinin yaradılması qərara alınmış və bu barədə AzTU və Elektron Hökumət portalının operatoru arasında müqavilə imzalanmışdır. Hər iki müəssisə yeni tərəfdaşlıq əsasında "Elektron idarəçilik, İnformasiya sistemləri və kibertəhlükəsizlik” Elm-Təhsil və Texnologiyalar Birliyinin yaradılamsı istiqamətində işlərin icrasına başlamışdır.

Eyni zamanda irad, rəy və təkliflərin bildirilməsi üçün portalda "Fikir bankı”, "Əks Əlaqə" və "Onlayn Konsultasiya" bölmələri yaradılmışdır və bu xidmətlər vasitəsilə vətəndaşlardan daxil olan müraciətlər və təkliflər öyrənilərək operativ şəklildə cavablandırılmış və dəyərləndirilmişdir. Bundan başqa,təqdim olunan xidmətlərin keyfiyyətinin artırılması üçün "157 Zəng Mərkəzi” yenilənmiş və istər texniki avadanlıqlar baxımından istərsə də ixtisaslı kadr baxımından tam şəkildə təchiz edilmişdir.

Məruzəçi çıxışının sonunda "Elektron Hökumət" üzrə gözlənilən nəticələrin əldə olunması üçün istər qurumların, istərsə də vətəndaşların bu sahədə aktiv iştirakının olduqca vacib olduğunu qeyd etdi.



Daha sonra Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Vergilər Nazirliyinin, Təhsil Nazirliyinin və digər qurumların nümayəndələri çıxış etdilər.

Tədbir mətbuat işçilərinin sualları üzrə müzakirələrlə yekunlaşdı.