Böyük Britaniyada "Elektron Hökumət"in uğurlu inkişaf mərhələləri

30.07.15

Böyük Britaniya "Elektron Hökumət” sahəsində mühüm uğurlar əldə etmişdir və BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamentinin son illərdə hazırladığı dünya ölkələrinin elektron hökümət texnologiyasının tətbiqi reytinqində 192 ölkə arasında 4-cü yeri tutmuşdur. Bu sahə üzrə əldə edilmiş mühüm uğurlara baxmayaraq ölkənin "Elektron Hökumət” infrastrukturu daima inkişaf etdirilir. Qeyd edək ki, Böyük Britaniya ötən əsrin 90-cı illərində özünün bu sahədə geridə qaldığını etiraf etmişdi. Odur ki, "Elektron Hökumət” sahəsində sürətli inkişafın başlanması baş nazir Toni Bleyrin adı ilə bağlıdır. İlkin olaraq mütəxəssislər dövlət qurumlarının göstərdikləri bütün xidmətləri inventarizasiya etdilər. O zaman bu siyahıda 250-yə yaxın xidmət qeydə alındı.

İlkin mərhələdə əhali və biznes strukturları hədəf kimi götürüldü. Dövlət qurumlarının xidmətləri elektronlaşdırılarkən vətəndaşları cəlb etmək üçün, hətta elektron xidmətlərə müraciət edən vətəndaşlara müəyyən vergi güzəştləri tətbiq olunmağa başlanıldı.

2001-ci ildə Böyük Britaniya hökuməti "Elektron Hökumət” sahəsində fəaliyyətini genişləndirərək əsas xidmət sahələrini elektronlaşdırmağa başladı. Qeyd etmək lazımdır ki, hər il federal büdcədən bu sahəyə 16 milyard vəsait xərclənir.

Britaniya elektron hökuməti öz fəaliyyətində "digital by default” prinsipini əsas götürür. Bu prinsip özündə istisnasız olaraq bütün vətəndaşlara (onlayn xidmətdən istifadə edə bilən və istifadə etmək imkanı olmayan) informasiya və xidmət sahələrini təqdim edir. Onlayn xidmətlərdən istifadə imkanları olmayanlar isə daha çox yaşlılar və risk qruplarıdır.

İstifadəçilərin rahatlığı üçün elektron xidmətlər ilkin mərhələdə 3 sahə üzrə: vətəndaşlar (direct.gov.uk), hüquqi şəxslər (businesslink.gov.uk) və səhiyyə xidmətləri (National Health Servise) üzrə qruplaşdırılmışdır. Direct.gov.uk portalında 171 xidmət yerləşdirilmişdir ki, bunlardan da 124-ü icra hakimiyyətlərinə və 47-si isə bələdiyyələrə aiddir.

Statistikaya əsasən gömrük xidmətləri elektron xidmətlərin içərisində ən çox populyar olanıdır. Həmçinin, nəqliyyat vaistələrinin onlayn qeydiyyatında da mühüm irəliləyiş baş vermişdir. Bu prosesdə 3 müstəqil instansiya iştirak edir ki, bunlar özəl sığorta və texniki kompaniyalardır. Portalda mövcud olan formanı doldurmaqla bütün lazimi instansiyalara informasiyanı göndərməyə imkan verilir.

Fermer təsərrüfatlarının dəstəklənməsi və onlar üçün elektronlaşmanın tətbiqi il ərzində onların xərclərinə 15%, təxminən 16.5 milyard funt sterlinq qənaət edilməsinə səbəb olmuşdur. Bu sahədə fəaliyyət göstərənlərin 85%-i illik hesabatlarını onlayn şəkildə göndərmişlər.

Portalı ziyarət edənlərin sayı 2010-cu ilin yanvar ayında 11 milyondan 27 milyona çatmışdır. Bu o deməkdir ki, hər 6 Britaniya vətəndaşından biri bu saytda qeydiyyatdan keçmişdir. Onu da qeyd edək ki, vergi ödəyicilərinin 55 % -i yol vergisini elektron hökumət portalı vasitəsilə ödəyirlər.

Vətəndaşları elektron xidmətlərə daha aktiv şəkildə cəlb etmək və bütün xidmətləri "vahid pəncərə”dən təqdim etmək məqsədilə Böyük Britaniya hökuməti 24 nazirliyin departmantentlərini və 330-dan çox dövlət qurumunu özündə birləşdirən vahid gov.ukportalında 47 sahə üzrə elektron xidmətlər yerləşdirmişdir. Bu portal 2012-ci ilin oktyabr ayından etibarən fəaliyyət göstərməyə başlamış və yuxarıda göstərilən direct.gov və businesslink saytlarındakı xidmətləri özündə birləşdirmişdir. Bu portal dövlət qurumlarının bütün xidmətlərinə internet vasitəsilə vahid pəncərədən giriş etməyə imkan verir, daha çox lazım olan (sağlamlıq, təhsil, işə düzəlmə və s.) sahələrə və daha böyük istifadəçi qruplarına (valideynlər, əlillər, gənclər və s.) hesablannmış xidmətləri özündə əks etdirir.

Gov.uk portalı ilk baxışdan sadə tərtibatlı görünsə də, məlumat müxtəlifliyi baxımından kifayət qədər zəngindir. Portalın əvvəlində axtarış bölməsi istifadəyə verilib, sol tərəfində isə ən çox axtarılan xidmətlər qeyd olunub. Bunların içərisində iş elanları, vergilər, təhsilin maliyyələşməsi və digər aktual əsələlər öz əksini tapır. Bütün bölmələr əlifba sırası ilə A-dən Z-yədək sıralanmışdır. Bölmələr içərisində sağlamlıq, valideynlik, evlilik, sürücülük, təhsil, doğum, vətəndaşlıq, vergi, məhkəmə, miqrasiya, viza və digər məsələlər olmaqla bütün məsələlər öz əksini tapıb.

Bütün bunlara rəğmən maraqlıdır ki, bir çox Böyük Britaniya vətəndaşları gündəlik həyatlarında internetdən çox istifadə etsələr də, hələ də bir çox vətəndaşlar problemlərini onlayn şəkildə həll etmək əvəzinə dövlət qurumlarına şəxsən getməyi üstün tuturlar.

Böyük Britaniya hökuməti bu yaxınlarda Smart Government (Ağıllı Hökumət ) layihəsini irəli sürmüşdür. Layihənin yaradıcıları bildirirlər ki, Directgov ilkin layihə olsa da, Smart Government layihəsi 2020-ci ilə qədər İKT-nin tətbiqi sahəsində ən uğurlu layihələrdən biri olacaqdır.

Microsoft şirkətinin mərkəzi hakimiyyətin xidmətlərinin bölüşdürülməsi üzrə rəhbəri Conatan Souler bu faktı belə ifadə etmişdir: "İlkin layihə olan direct.gov daha çox ictimai xidmətlərin optimallaşdırılmasına xidmət edirdisə, yeni sənəd isə dövlət idarəetməsində mühüm islahatıdır.”

Layihəni hazırlayanların fikrincə, dövlət hakimiyyətinin "landşaft”ı bütünlüklə dəyişəcək və vətəndaş və biznes tələblərinə uyğun qurulacaq. Dövlət idarəetməsində İKT-nın rolu 2020-ci ilə qədər maksimum inkişaf etdiriləcək və bu isə böyük məbləğdə maliyyə vəsaitlərinə qənaət edilməsinə gətirib çıxaracaq.