Bir çox Universitetlərin tələbələri bu il də yay istehsalat təcrübəsini Məliumat Hesablama Mərkəzində keçirlər

27.07.15

Hər il olduğu kimi bu il də bir çox nüfuzlu Universitetlərin tələbələri yay istehsalat təcrübəsini Məlumat Hesablama Mərkəzində keçirlər. Müvafiq razılaşmaya əsasən Azərbaycan Dövlət Neft Akademiyasının, Qafqaz Universitetinin, Azərbaycan Texniki Universitetinin tələbələri və xaricdə təhsil alan bir qrup tələbələr iyul-avqust aylarında təcrübə keçmək, praktik biliklərə yiyələnmək üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzini seçiblər. Qeyd edilən Universitetlər tərəfindən MHM-ə təqdim olunmuş siyahıya əsasən tələbələr 06.07.2015-07.08.2015-ci il tarixlərdə Yeni texnologiyalar, Proqramlaşdırma, Veb-proqramlaşdırma, İnformasia emalı və istismar, Marketinq, Əməliyyat və hesablaşmalar, Normativ sorğu informasiya şöbələrində və Sertifikat Xidmətləri Mərkəzində təcrübə keçəcəklər və bu müddət ərzində bir çox nəzəri və praktik biliklərə yiyələnəcəklər.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq çox sayda Azərbaycan gəncləri xarici ölkələrdə təhsil alırlar. Təhsil müddəti başa çatdıqdan sonra dünyanın müxtəlif ölkələrinin ən nüfuzlu univerisitetlərində dövlət hesabına təhsil alan bu gənclər yüksək ixtisaslı mütəxəsis kimi ölkəmizdə fəaliyyət göstərəcəklər. Yay aylarında bu tələbələrin də bir çoxu MHM-də istehsalat təcrübəsi keçirlər.

MHM-də təcrübə keçən tələbələrə aşağıdakı sahələr üzrə nəzəri və praktik biliklər aşılanır:

  • "Elektron hökumət” portalı və elektron xidmətlər
  • Elektron imza və onun tətbiq sahələri
  • Yeni texnologiyalar
  • Müxtəlif dillərdə proqramlaşdırma
  • Veb proqramlaşdırma
  • Marketinq və xidmətlərin satışı
  • Telefon trafikinə görə yerli və beynəlxalq hesablaşmaların əsas prinsipləri
  • Normativ informasiya bazasınn və telefon abunəçiləri kartotekasının formalaşdırılması
  • Lokal, şəhərlərarası və beynəlxalq stansiyaların CDR fayllarının emalı prinsipləri

 

və sair.

Tələbələr peşəkar mütəxəssislərin yanında təcrübə keçməyin onlara nəzəri biliklərin praktika ilə uzlaşdırılmasında, yeni sahələr üzrə mühüm biliklərin əldə edilməsində, kollektivdəki fərdlərarası münasibətlərə uyğulaşmaqda və qrup üzvü kimi özlərini təsdiq etmələrində son dərəcədə faydalı olduğunu qeyd edirlər.

Məlumat üçün qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi informasiya texnologiyaları sahəsində aparıcı müəssisələrdəndir və informasiya texnologiyalarının bütün sahələri üzrə peşəkar kadr potensialına malikdir. Müəssisənin əsas fəaliyyət sahəsi informasiya texnologiyalarının bütün istiqamətlərini əhatə edir. Həmçinin, MHM "Elektron Hökumət” portalının və "Elektron imza”nın operatorudur. MHM "Elektron Hökumət” portalı infrastrukturunun yaradılması və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən göstərilən e-xidmətlərin vahid platforma və "tək pəncərə” prinsipi əsasında əhali və təşkilatlar tərəfindən istifadəsini təmin edir. Eyni zamanda MHM-in Sertifikat xidmətləri Mərkəzi tərəfindən vətəndaşlara, fiziki və hüquqi şəxslərə e-imza sertifikatları hazırlanaraq təqdim edilir. Həmçinin ölkə ərazisində fəaliyyət göstərmək istəyən SXM-lərini akkreditə edir və onları Milli Sertifikat Xidmətləri strukturuna daxil edir.

Qeyd edək ki, Məlumat Hesablama Mərkəzi İSO 9001:2008 və İSO 27001:2005 beynəlxalq keyfiyyət sertifikatlarına malikdir.