"Elektron Hökumət" Portalının operatoru PADOS layihəsinin fakt araşdırıcı missiyası ilə müzakirələr aparmışdır

30.06.15

29.06.2015-ci il tarixdə RYTN MHM-də, RYTN-nin, MHM-in və ETM-in əməkdaşları PADOS layihəsinin fakt araşdırıcı çərçivəsində təşkil olunan görüşdə iştirak etdilər.

İştirakçı Demokratiya, Açıq İdarəetmə və səmərəli e-Hökumət xidmətləri üzrə "Şərq Tərəfdaşlığı" ölkələri üçün kadr potensialına dəstək layihəsi olan PADOS Finlaniyanın Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilmişdir. Hədəf Şərq Tərəfdaşlığına üzv ölkələrdə (Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova, Ukrayna) İştirakçı Demokratiya, Açıq İdarəetmə və səmərəli e-Hökumət xidmətlər üzrə görülən işlərlə tanış olaraq bu istiqamətdə təşkil olunan işlərə dəstək göstərməkdir.

"Şərq Tərəfdaşlığı"-nın məqsədi siyasi əməkdaşlıq və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi ilə AB ölkələri və Şərq Tərəfdaşları arasında münasibətlərin möhkəmləndirilməsidir. "Şərq Tərəfdaşlığı" tərəfdaş ölkələrini AB standartları əsaslı siyasi, təşkilati və iqtisadi islahatlarında dəstəkləməklə, həmçinin, AB ölkələri və tərəfdaş dövlətlər arasında ticari əlaqələri sadələşdirərək və mobilliyi artıraraq AB strukturları ilə birlikdə dərin inteqrasiya təklif edir. Finlandiya "Şərq Tərəfdaşlığı"nı təkcə siyasi səviyyədə deyil, həmçinin, kadr potensialının hazırlanmasında, qarşılıqlı təlim platformalarında və maarifləndirici tədbirlərdə də aktiv şəkildə dəstəkləyir.

PADOS layihəsinin fakt araşdırıcı çərçivəsində təşkil olunan görüşdə Estoniya Diplomatiya Universitetinin proqram meneceri Katrin Borgen və Finlandiya Maliyyə Nazirliyinin müşaviri Juhani Korhonen eləcə də, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin və Elektron Təhlükəsizlik Mərkəzinin əməkdaşları, AR Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları iştirak etdilər. Görüşün keçirilməsində məqsəd ölkəmizdə inkişaf etməkdə olan Elektron Hökumət infrastrukturu, Elektron Hökumət strategiyası və məqsədləri, əsas komponent kimi "Elektron Hökumət" portalı, İnformasiya Təhlükəsizliyi, Kiber Təhlükəsizlik və s. üzrə görülən işlər barədə məlumat toplamaq, fikir mübadiləsi aparmaqla sistemli və məqsədəuyğun əməkdaşlıq təşkil etməkdir.


Görüş çərçivəsində müzakirələr 3 komponent,

1. Vətəndaş iştirakının təşviqi və onun strategiyaları və bununla bağlı digər məsələlər;

2. E-hökumət strategiyası və onun məqsədləri, E-hökumət üzrə ən yaxşı təcrübələr bu çərçivədə dövlət orqanlarında İKT infrastrukturu, Milli rəqəmsal identifikasiya və rəqəmsal imza, kibertəhlükəsizlik, beynəlxalq kibertəhlükəsizlik əməkdaşlıqları və s. məsələlər;

3. Cari dövlət idarəçilik islahatları və məsul qurumlar, dövlət idarəçiliyi islahatlarında elmi araşdırmalardan istifadə və s. məsələləri üzrə qruplaşdırılmışdır.

RYTN MHM-də baş tutmuş görüşdə "Elektron Hökumət" infrastrukturu, Dövlət İnformasiya Reyestrləri və əsas komponent kimi "Elektron Hökumət" portalı barədə prezentasiya əsasında məlumat verildi. E-hökumət 1.0, E-hökumət 2.0 və E-Hökumət 3.0 barədə ətraflı məlumat verən mühazirəçi birinci inkişaf mərhələsində portalın fəaliyyətinə 45-ə yaxın hökumətyönümlün elektron xidmətin vətəndaşlara təqdimi ilə başlanıldığını söylədi. Daha sonra, portal üzərindən istifadəçiyönümlü xidmətlərin və funksionalların təqdiminə üstünlük verildiyi qeyd edildi. "Elektron Hökumət" portalının gündəliyində olan məsələlər, yeni layihələr barədə məlumat verildi.

Vətəndaş iştirakının təşviqi və onun strategiyaları, təcrübələri, bu istiqamətdə problemlər müzakirə edildi, hökumətdə informasiya açıqlığının təbliği üzrə görülən işlər danışıldı.


Həmçinin, layihənin təşkilatçılarına İnformasiya Təhlükəsizliyi və Kiber Təhlükəsizlik sahəsində görülən işlər prezentasiya üzrə təqdim edildi.

PADOS layihəsinin fakt araşdırıcı missiyası vasitəsilə dövlət idarəçiliyi sahəsində mövcud ehtiyacların müəyyənləşdirilməsi və bu istiqamətdə seminar və təlimlərin təşkil olunması nəzərdə tutulur. Bu məqsədlə missiya tərəfindən Bakıda il ərzində e-hökumət, e-xidmətlər, kibertəhlükəsizlik, yaxşı idarəçilik (good governance) və s. mövzular üzrə seminarın keçirilməsi təklif olundu. RYTN nümayəndələri tərəfindən hər il keçirilən ənənəvi Bakutel Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı haqda məlumat verildi və təklif olunan seminarın bu tədbir çərçivəsində keçirilməsinin əhəmiyyəti nəzərə çatdırıldı.

Görüş qonaqların sualları əsasında müzakirələrlə davam etdi.