2013-cü il Azərbaycanda İKT ili elan edilib

16.01.13

2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlət başçısı iclasda 2013-cü ili "İnformasiya-kommunikasiya texnologiyaları (İKT) ili” elan edib.
 
«Gələn ay birinci telekommunikasiya peykimiz orbitə çıxarılacaqdır. Bu da tarixi hadisədir. Doğrudan da, Azərbaycan kosmik ölkəyə çevrilir, biz kosmik sənayenin inkişafı ilə məşğuluq və bir neçə il bundan əvvəl bunu təsəvvür etmək belə çətin idi ki, vaxt gələcək və Azərbaycan kosmik ölkələrin sırasına daxil ediləcəkdir. Amma bu vaxt gəlir, yaxın günlərdə biz bu tarixi hadisəni qeyd edəcəyik. Bu, özlüyündə bütün cəhətlərdən böyük bir nailiyyətdir - həm ölkənin prestiji, həm müasirlik, yeni texnologiyaların inkişafı üçün. Bu, biznes üçün də sərfəlidir. Çünki bu, eyni zamanda, iqtisadi cəhətdən də səmərəli layihədir. Amma ən önəmlisi odur ki, bu, ölkəmizin inkişafını və niyyətini göstərir.
 
 Ümumiyyətlə, bizim dünyagörüşümüzü və siyasətimizi göstərir. Çünki biz müasir, güclü dövlət qururuq. Biz regional müstəvidən çoxdan çıxmışıq. Postsovet ölkəsi kimi bu adı, necə deyərlər, artıq çoxdan arxada qoymuşuq. Biz postsovet ölkə deyilik. Bəzi hallarda xarici tərəfdaşlarla görüşlər əsnasında deyiləndə ki, postsovet ölkələr, deyirəm saxlayın burada. Azərbaycan postsovet ölkəsi deyildir. Bəlkə kimsə postsovet ölkəsidir, biz deyilik. Biz, müstəqil Azərbaycan dövlətiyik», - Prezident İlham Əliyev deyib.
 
"Bu müstəqillik dövründə doğrudan da, biz elə böyük uğurlara imza atmışıq ki, hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər. Onların içində peykin buraxılması xüsusi yer tutur. Bu, həm böyük məna daşıyır, həm də bunun böyük rəmzi mənası vardır. Əminəm ki, bu hadisə gələcəkdə müasirliyə, inkişafa doğru atılan addımlarımızı artıracaqdır”, - dövlət başçısı bildirib. "Bu hadisəni və ümumiyyətlə, İKT sahəsinə verilən diqqəti və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq mən 2013-cü ili "İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edirəm və hesab edirəm ki, 2013-cü ildə bu sahədə biz daha da böyük nailiyyətlərə çatmalıyıq”, - Azərbaycan Prezidenti əlavə edib. Bundan əlavə, iclasda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə barədə ciddi addımların atıldığını deyən Prezident İlham Əliyev bu sahədə elektron xidmətlərə keçid məsələlərin də mühüm yer tutduğunu qeyd edib.
 
"Burada qeyd olunduğu kimi, İKT sahəsində Azərbaycan, doğrudan da, son illər ərzində böyük uğurlar əldə edibdir. Bu, həm biznes, həm zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Biz bu imkanlardan daha da geniş şəkildə istifadə etməliyik. Elektron xidmətlərin sayı artmalıdır və bu sahədə görülən işlər davam etdiriləcəkdir. İctimai nəzarət daha da güclü şəkildə təşkil edilməlidir. Şəffaflıq maksimum dərəcədə təmin edilməlidir. Yenə də deyirəm, cəza tədbirləri, inzibati tədbirlər, institusional sistem xarakterli tədbirlər əminəm ki, gələcəkdə də korrupsiyaya qarşı mübarizədə bizə kömək edəcəkdir”, - dövlət başçısı vurğulayıb.