"Elektron Hökumət" portalı vasitəsilə mobil nömrənin hazırda hansı mobil operatora daşındığı barədə məlumat əldə etmək mümkündür

1.06.15


Azərbaycan ərazisində Mobil Nömrədaşıma Xidməti (MobileNumberPortability) xidməti 01 fevral 2014-cü il tarixindən etibarən həyata keçirilir.
Bununla əlaqədar, müvafiq normativ hüquqi sənədlər qəbul edilmiş, xidmətin fəaliyyəti üçün tələb olunan avadanlıqlar, yəni həm mərkəzi baza sistemi avadanlıqları, həm də mobil operatorların şəbəkələrində tələb olunan avadanlıqlar quraşdırılmış, mobil operatorların şəbəkədaxili yığımları standart formata uyğunlaşdırılmış və aidiyyəti müqavilələr bağlanılmışdır.

Bu xidmət ümumistifadəli telekommunikasiya şəbəkəsi daxilində abunəçinin istifadə etdiyi mobil telefon nömrəsinin (şəbəkə kodu - 050, 051, 055, 070, 077 və nömrəni saxlamaq şərti ilə) həmin abunəçiyə xidmət göstərən mobil operatorun şəbəkəsindən çıxarılaraq digər mobil operatorun şəbəkəsinə daşınmasına imkan yaradır.

Xidmətin əsas məqsədi mövcud telekommunikasiya bazarında rəqabətin artırılmasına, operatorlar tərəfindən abunəçilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə, nömrə resurslarından effektiv istifadənin təmin edilməsinə, istehlakçı hüquqlarının qorunmasına, abunəçilərin daha səmərəli xidmət təşklifi təqdim edən operatorun şəbəkəsinə maneəsiz keçməsinə şərait yaratmaqdan ibarətdir.

Keçən müddət ərzində 18 minə yaxın mobil nömrənin başqa mobil operatora daşınması gerçəkləşdirilmişdir. Qeyd edək ki, "Elektron Hökumət” portalında yerləşdirilmiş elektron xidmət vasitəsilə mobil nömrənin hazırda hansı mobil operatora daşındığı barədə məlumat əldə etmək mümkündür və bu xidmətdən istifadə etməlkə abunəçi etdiyi zəngin dəyərini hesablaya bilər.

Bununla yanaşı, Açıq Hökumət Məlumlatları portalında (data.gov.az) "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” məlumat bazası açıq edilmişdir və bu baza əsasında mobil tərtibat hazırlanmışdır.

Beynəlxalq praktikaya əsaslanaraq hesab edirik ki, bu xidmət mobil xidmətlər bazarının tənzimlənməsinə xidmət etməklə yanaşı, qiymətlərin aşağı düşməsinə və xidmətin keyfiyyətinin artmasına yol açacaq, həmçinin, sağlam iqtisadi rəqabət mühitinin formalaşmasına dəstək olmaqla, rabitə və informasiya texnologiyaları sektorunun inkişafına təkan verəcəkdir.