"Elektron Hökumət Təlim-Tədris mərkəzi"ndə "Elektron Hökumət" üzrə keçirilən təlim kursları davam edir

27.05.15

"Elektron Hökumət Təlim-Tədris mərkəzi”ndə "Elektron Hökumət” üzrə keçirilən qısamüddətli təlim kursları davam edir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə 25 may-1 iyun tarixlərində keçirilən kurslarda "Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri də iştirak edirlər.

Kursların ilk günü MHM-in nümayəndələri "Elektron Hökumət" portalına qoşulmanın texniki-funksional sxemi, elektron xidmətlərin inteqrasiyası, elektron xidmətlərin təşkilini zəruri edən amillər, "Elektron Hökumət" portalının hüquqi əsası, xronoloji tarixi, bu sahədə beynəlxalq təcrübələr barədə məlumatları iştirakçıların diqqətinə çatdırılmışdır.

Bu gün isə MHM-nin mütəxəssisləri tərəfindən "Elektron Hökumət”in infrastrukturu, onun əsas komponentləri, "Elektron Hökumət" portalı, Dövlət Reyestrləri, elektron xidmətlər və elektron imza barədə əvvəlcədən müəyyənləşdirilmiş proqram və prezentasiyalar əsasında iştirakçılara geniş məlumat verilib. Davam etməkdə olan kurslarda iştirakçılara nəzəri biliklər verilməklə yanaşı, həm də ən çox istifadə olunan elektron xidmətlər əyani olaraq nümayiş etdiriləcəkdir. Kurslar iştirakçılarla qarşılıqlı müzakirələr və diskussiya şəklində təşkil olunur və iştirakçıları maraqlandıran suallar cavablandırılır.

Belə kursların təşkil olunmasında məqsəd "Elektron Hökumət" quruculuğu üzrə əhalinin məlumatlılıq səviyyəsinin artırılması, portal üzərində təqdim olunan elektron xidmətlərin istifadəçi sferasının genişləndirilməsidir.