Dövlət qurumlarında informasiya ehtiyatlarının və sistemlərinin növbəti monitorinqi planlaşdırılır

25.05.15

Cari ilin sentyabr ayından etibarən Dövlət qurumlarının mülkiyyətində olan informasiya ehtiyatlarının və sistemlərinin növbəti monitorinqi planlaşdırılır.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron hökumət” portalı haqqında Əsasnamə”yə əsasən dövlət informasiya ehtiyatlarının reyestri "Elektron hökumət” portalının texniki-texnoloji infrastrukturunun əsas komponentlərindən biri kimi müəyyən edilmişdir. Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri "Elektron hökumət” portalının Operatoru olaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən aparılır və keçən dövr ərzində 81 dövlət informasiya ehtiyatı və 164 fərdi məlumatların informasiya sistemi reyestrlərdə dövlət qeydiyyatına alınmışdır.

Dövlət reyestrində qeydiyyata alınmış informasiya sistemlərində fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsinin "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə məlumatların və onların işlənmə üsullarının İS-lərinin bəyan olunmuş məqsədlərinə, İS-lərinin "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”ə uyğunluğunun yoxlanılması məqsədilə MHM tərəfindən mütəmadi olaraq monitorinqlər keçirilir.

Monitorinqlər zamanı əsasən aşağıdakı məsələlərə diqqət yetirilir:

 

  •  ­informasiya ehtiyatlarının FİN-ə uyğunluğu;
  •  fərdi məlumatların mühafizəsinin müəyyən olunmuş tələblərə uyğun təşkili;
  •  informasiya ehtiyatlarında məlumatlar bazasının strukturu ilə tanışlıq, bazalar arası relativlik prinsiplərinin yoxlanılması;
  •  fərdi məlumatların toplanılmasının və işlənilməsinin mülkiyyətçi və ya operator tərəfindən bəyan edilmiş məqsədlərə uyğunluğu;
  •  digər əlaqəli informasiya sistemləri ilə informasiya mübadiləsi üsulları və kateqoriyalarının monitorinqi;
  •  informasiya sistemlərinin və ehtiyatlarının Portala qoşulması və onların tələblərə uyğunluğunun yoxlanılması;
  •  informasiya sisteminin və ehtiyatlarının "Elektron hökumət”portalı ilə əlaqəli olan komponentlərinin tələblərə uyğunluğu;
  •  informasiya sisteminin SOAP (SimpleObject Access Protocol) vasitəsilə sorğularla işləmə imkanı;
  •  dövlət orqanlarının informasiya sistemlərinin və ehtiyatlarının qarşılıqlı inteqrasiyasının təmin edilməsi məsələləri;
  •  dövlət orqanları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılma imkanlarının araşdırılması;
  •  qanunvericiliyə uyğun sair aidiyyəti məsələlərin monitorinqi.

 Cari ilin sentyabr ayından etibarən Məlumat Hesablama Mərkəzi tərəfindən dövlət qurumlarının mülkiyyətində olan informasiya ehtiyatlarının və sistemlərinin növbəti monitorinqi planlaşdırılır.

Bununla əlaqədar, müvafiq məlumatların əvvəlcədən əldə edilməsi məqsədilə, Məlumat Hesablama Mərkəzi tərəfindən dövlət qurumlarının mülkiyyətində olan informasiya sistemlərinin təşkilini və səmərəliliyini qiymətləndirmək üçün sorğu (https://www.e-gov.az/monitorinq) hazırlanmışdır. Təşkil olunan sorğu əsasən aidiyyatı qurumların elektron idarəçilik, mülkiyyətində olan informasiya sistemləri, təqdim etdiyi elektron xidmətlər, istifadəçilərlə əks əlaqənin yaradılması, aidiyyatı qurumların sərəncamında olan informasiya sistemləri ilə informasiya mübadiləsi və digər istiqamətlər üzrə fəaliyyəti çərçivəsindədir.

Sorğunu cavablandırmaq üçün dövlət qurumlarından müvafiq linkə (https://www.e-gov.az/sorgu) e-imza vasitəsilə daxil olaraq "Dövlət təşkilatlarında elektron xidmətlərin səmərəliliyini qiymətləndirən tədqiqat sorğusu”nda bəndlər üzrə müvafiq məlumatları doldurub, təsdiq etməklə elektron şəkildə göndərmək və ya həmin linkdən anket formasını çap edib, məlumatları doldurub təsdiq edərək kağız şəklində RYTN-in Məlumat Hesablama Mərkəzinə göndərmək xahiş olunur.

Hesab edirik, sorğu başa çatdıqdan və bütün qurumlardan məlumatlar toplandıqdan sonra sentyabr ayında keçiriləcək növbəti monitorinq daha operativ və səmərəli olacaq.

Belə monitorinqlərin keçirilməsində əsas məqsəd informasiya ehtiyatlarının və sistemlərinin qanunvericiliklə müəyyən edilmiş şəkildə yaradılması, mühafizə edilməsi, idarə olunması və digər dövlət qurumlarına "bir pəncərə” prinsipi əsasında ötürülməsinə nəzarət, texniki-proqram çatışmazlıqların müəyyən edilməsi və onların aradan qaldırması üçün təkliflərin və tələblərin hazırlanmasından ibarətdir.