AMEA İnformasiya Texnologiyaları İnstitutunda İnformasiya təhlükəsizliyinin multidisiplinar problemləri üzrə elmi-praktiki konfrans keçirilib

14.05.15

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş "İnformasiya təhlükəsizliyinin multidisiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransı” keçirilib.
 Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları (İT) sahəsi üzrə tədqiqatçıları və mütəxəssisləri, KİV nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunan konfransı Azərbaycan elmi ictimaiyyəti üçün mühüm hadisə kimi qiymətləndirdi. Müasir dövrün qlobal informasiya cəmiyyətinin ən aktual elmi problemlərindən biri olan və multidisiplinar xarakter daşıyan informasiya təhlükəsizliyinin müzakirəsi üçün İT sahəsi üzrə aparıcı alim və mütəxəssislərin bir araya toplaşması baxımından konfransın böyük əhəmiyyətə malik olduğunu və bu tədbirin ənənəvi hal almasının zəruriliyini vurğulayıb.

Bəşəriyyətin gələcəyinin İKT-nin imkanlarına əsaslanan innovativ inkişafla bağlı olduğunu söyləyən alim "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsinin əsas hədəflərdən olduğunu nəzərə çatdırıb. Bu hədəfə çatmaq üçün isə təhlükəsiz informasiya cəmiyyəti və biliklər iqtisadiyyatının formalaşması, elmtutumlu texnologiya, məhsul və xidmətlərin yaradılması proseslərinin sürətləndirilməsinin vacibliyini dilə gətirib.
"İnformasiya təhlükəsizliyi sahəsi üzrə elmi kadrların hazırlanması istiqamətində görülən tədbirlərdən biri də Heydər Əliyev Fondu, AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AR Təhsil Nazirliyivə AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasının keçirilməsidir. Hər il təşkil edilən bilik yarışının əsas məqsədi istedadlı tələbələrin informatika və proqramlaşdırma sahəsində gələcəyin mütəxəssisi olmasına dəstək verməkdir. Heç şübhəsiz ki, bu kimi müsabiqələrdə fərqlənən gənclərin əksəriyyəti bu sahə üzrə peşəkar kadr kimi formalaşırlar", - deyə A.Əlizadə bildirib.
Sonda akademik Azərbaycanda informasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına yönəlmiş konfransın əhatə dairəsinin gələcəkdə ölkə hüdudlarından kənara çıxmasını və beynəlxalq status almasını məqsədəuyğun hesab etdiyini söyləyib.



Sonra Rabitə və Yüksək Texnologiyalar naziri, akademik Əli Abbasov "İnformasiya təhlükəsizliyi sahəsində dövlət siyasəti" mövzusunda məruzə ilə çıxış edib. İnformasiya təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsinin dövlət siyasətinin prioritet məsələlərindən biri olduğunu və bu istiqamətdə məqsədyönlü işlər aparıldığını diqqətə çatdırıb.
Nazir qeyd edib ki, informasiya təhlükəsizliyinin təmin olunması üçün dövlətin, xüsusən də cəmiyyətin intellektual potensialının səfərbər edilməsi vacibdir.
Konfransın Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmasına diqqət çəkən Ə.Abbasov Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqının və İttifaqın Şurasının üzvü olduğunu və bu qurumla əməkdaşlıq əlaqələrinə böyük diqqət göstərildiyini qeyd edib.
Nazir həmçinin bildirib ki, internetdən istifadə sıxlığının sürətlə artdığı bir dövrdə kibertəhdidlər qaçılmazdır. O, hər həftə 2 min kompüterin virusa yoluxduğunu qeyd edərək, dünyada hər il kiberhücumların həcminin 30 faiz artığını diqqətə çatdırıb. "Bütün bunlar informasiya cəmiyyətini kibertəhlükəsizliyi, informasiya təhlükəsizliyini daha da möhkəmləndirməyə vadar edir. Azərbaycanda qlobal məkanın fəal iştirakçılarından biri kimi bu istiqamətdə həyata keçirdiyi qabaqlayıcı tədbirləri intensivləşdirib. Bir müddət sonra ölkəmiz qlobal idman tədbirinə ev sahibliyi edəcək. İlk Avropa Oyunlarının təşkilində ən ümdə məsələlərdən biri də informasiya təhlükəsizliyinin tam təmin olunmasıdır. Biz bu istiqamətdə bütün səylərimizi səfərbər etmişik" - deyə nazir qeyd edib.



Daha sonra AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev "XXI əsrin informasiya təhlükələri və onlarla mübarizə strategiyaları" adlı məruzəsini təqdim edib.
Məruzəçi bildirdi ki, XX əsrin sonu - XXI əsrin əvvəllərindən başlayaraq bəşəriyyət qarşısında mövcud olan təhlükələrin sırasına informasiya təhlükələri də daxil olmuşdur. Alimin sözlərinə görə, informasiya texnologiyalarının inkişafı cəmiyyətin həyatının, demək olar ki, bütün sahələrində yalnız müsbət deyil, həm də mənfi nəticələr doğurur. Bu səbəbdən informasiya təhlükəsizliyi məsələsinə qlobal problem kimi yanaşmaq və informasiya təhlükələri ilə mübarizəyə hazır olmaq zəruridir.

Alim informasiya təhlükələrinə qarşı ən səmərəli strategiyalardan birinin vətəndaşlarda informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması olduğunu qeyd etdi: bunun üçün informasiya təhlükəsizliyi sahəsində kadr hazırlığına xüsusi diqqət ayrılmalı, Azərbaycan dilində kitab və dərsliklər hazırlanmalı, müntəzəm olaraq konfranslar, seminarlar, "dəyirmi masa”lar təşkil olunmalı, kütləvi təbliğat aparılmalıdır.

O, həmçinin informasiya təhlükəsizliyi sahəsində multidisiplinar problemlərin araşdırılması və bu sahədə formalaşmış normativ-hüquqi bazanın təkmilləşdirilməsi zərurətini dilə gətirib.

Sonra ali məktəb tələbələri arasında keçirilmiş informatika üzrə ümumrespublika olimpiadasının qaliblərinə diplomlar və hədiyyələr təqdim olunub.


Konfrans 3 paralel seksiya iclasında davam etdirildi və "E-dövlətin informasiya təhlükəsizliyi" üzrə seksiya iclaslarında Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri informasiya təhlükəsizliyinin müxtəlif istiqamətlərində aktual məsələləri əhatə edən çıxışlar etdilər.