Tallin şəhərində keçirilən "e-İdarəçilik" üzrə beynəlxalq konfransın bağlanış mərasimi keçirildi

13.05.15

13 may tarixində Tallində "e-İdarəçilik” üzrə keçirilən beynəlxalq konfransın bağlanış mərasimi keçirildi. Mərasimdə bir çox ölkələrdən olan nümayəndələr yekun söz ilə çıxış etdilər. Moldovanın Estoniyadakı səfiri və Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bağlanış mərasimində çıxış edərək ilk öncə bu konfransın təşkilatçılarına öz minnətdarlıqlarını bildirdilər.

Nazir müavini E.Vəlizadə öz çıxışında qeyd etdi ki, bu kimi konfransların təşkil edilməsi bizim üçün yaxşı fürsətdir və belə tədbirlər yeni ideyaların yaranmasına gətirib çıxarır. O, bu cür tədbirlərin "Elektron Hökümət” quruculuğu üzrə ölkələrarası təcrübə mübadiləsinin aparılmasında xüsusi rol oynadığını vurğuladı.

Məruzəçi, həmçinin çıxışı zamanı ASAN xidmət haqqında konfrans istirakçılarına məlumat verdi və dünən keçirilən tədbirdə ASAN xidmətin mükafatlandırıldığını tədbir iştirakçılarının nəzərinə çatdırdı. O, Respublikamızın 8 bölgəsində ASAN xidmət mərkəzlərinin yaradıldığını və dövlətimizin vətəndaşlara yüksək səviyyəli xidmət göstərmək istəyində olduğunu bildirdi. Qeyd olundu ki, bu layihə artıq 2 ildir ki davam edir. Başqa ölkələrdə  buna bənzər qurumların fəalliyət göstərdiyini qeyd edən nazir müavini Gürcüstan, Qazaxıstan, Rusiya və bir sıra digər ölkələrdə belə qurumların movcud olması barədə məlumat verdi.

Nazir müavini "Elektron Hökümət” portalında 500-ə yaxın elektron xidmətlərin və istifadəçilər üçün cari ilin əvvəlində istifadəyə verilmiş açıq məlumatlar portalının vətəndaşlarımıza ölkədaxili xidmətlərdən daha effektiv istifadənin təmin etdiyini vurğuladı.

E.Vəlizadə öz çıxışının sonunda bütün konfrans istirakçılarına bir daha uğurlar arzu etdi ve tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi.

Bununla da 11-13 may tarixlərində Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən "e-İdarəçilik” üzrə beynəlxalq konfrans öz işini başa vurdu.