Ünvanlı sosial yardımların təyinatında avtomatlaşdırılmış sistemə keçidlə bağlı texniki məsələlərin növbəti müzakirəsi aparılmışdır

30.04.15

Az təminatlı vətəndaşların ünvanlı sosial yardımları almaları üçün elektron şəkildə müraciət etmələri məqsədilə hazırlanan layihə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndələri ilə "Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin əməkdaşlarının növbəti müzakirələri aparılmışdır.
Toplantı Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) hazırlanması ilə bağlı tələb olunan arayış və məlumatlar üzrə informasiya resurslarının "Elektron Hökumət" portalına inteqrasiyası, habelə, bununla bağlı əlaqəli qurumlarla iş və ünvanlı sosial yardımların təyinatında bütün mərhələlərin elektron təşkili müzakirə olundu.
"Elektron hökumət” portalı vasitəsilə arayış və məlumatlar üzrə informasiya resurslarının çıxışı üçün ƏƏSMN-ə lazımi texniki imkanlar yaradılması, hazırlanacaq sistemdə vətəndaşların elektron xidmətdən istifadə etməsi üçün autentifikasiya mexanizmləri, həmçinin müraciətlərin təsdiqi ilə bağlı e-imza həlli barədə müzakirələr aparıldı. Qarşılıqlı fikir mübadiləsi zamanı hər iki tərəfin mütəxəssisləri sistemin qurulması üçün istifadə ediləcək vasitələri və aparılacaq işlərin planını razılaşdırdılar.
Müvafiq layihə rahat və şəffaf xidmətlərə geniş çıxışın təmin olunmasına xidmət edəcək, ünvanlı dövlət sosial yardımı üçün elektron qaydada müraciətləri qəbul olunduqdan sonra rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri onlara verilən tapşırıq əsasında ailələrin maddi-məişət şəraitinin müayinəsini aparacaqlar. Bu proses müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə aparılacaq və nəticələrin real vaxt rejimində VEMTAS-a ötürülməsini təmin edəcəklər. Bütün əldə olunan məlumatlar ümumiləşdirildikdən sonra müraciət edən ailəyə yardım təyin olunub-olunmaması barədə qərar qəbul olunacaq. Vətəndaşa və ailəsinə bu barədə məlumat yenə də elektron qaydada veriləcək.
Cari işlər yekunlaşdıqdan sonra "Elektron hökumət” portalına qoşulmuş informasiya sistemləri və ehtiyatları vasitəsilə ünvanlı sosial yardımların təyinatı prosesləri daha rahat və şəffaf olacaqdır.